Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Bu möhtəşəm qələbədən ötən iki il ərzində ölkə başçısının uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı və Qarabağ Azərbaycandır həqiqətini qəbul edib. Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan gücünü, qüdrətini göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, “düşmənin başını əzdi”.
Vətən müharibəsi dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə aparıb qalib gəldi. Bu dövrdə ölkə başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir. Prezident cənab İlham Əliyevin xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazandı. Vətən müharibəsi dövründə cənab Prezidentin nitqi, işlətdiyi ifadələr Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu və dillər əzbərinə çevrildi.
Toğrul Zeynalov
Vətən Müharibəsi Qazisi, YAP Ağdam rayon təşkilatının əməkdaşı