10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında baş tutan Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq 44 günlük ildırımsürətli müharibədə Ermənistanı məğlub edərək işğal altındakı əraziləri azad etməsi təkcə ölkəmizin tarixində və demək mükündür ki, dünya hərb tarixində mühüm səhifədir. Təsadüfi deyil ki, Ordumuzun bu şanlı qələbəsi hətta dünyanın supergüc dövlətlərinin hərbi dairələri tərəfindən heyrətlə qarşılanmış və İkinci Qarabağ müharibəsindən dərs çıxarılmasının vacibliyi haqda mülahizələr populyarlaşmağa başladı. Hərbi paradın 10 dekabr tarixinə təyin olunması beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi dəyərləndirilə bilər. Prezidentin hərbi paradı məhz 10 dekabr tarixinə salması düşünülmüş addım idi. 10 dekabr tarixi 1991-ci ildə Dağlıq Qarabağda elan edilmiş, Azərbaycanın 2020-ci il Qələbəsindən sonra isə tarixin arxivinə göndərilmiş qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. Belə ki, 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağda azərbaycanlı əhalinin iştirakı olmadan qondarma respublikanın müstəqilliyinə dair referendum keçirilib və ermənilər müstəqilliyə “səs veriblər”. Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj vermiş oldu: Qarabağ Azərbaycandır və bu, həmişə belə qalacaq! Azərbaycanın 20% ərazisi 30 ilə yaxın işğal altında idi. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Halbuki Zəngəzur, Göycə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini özü icra etdi. Kapitulyasiya Aktı Ermənistanı diz çökməyə məcbur etdi. Bu akta görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Azərbaycanın üçrəngli bayrağı yenidən işğaldan azad edilmiş torpaqlarımızda qaldırıldı. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışıq. Bu Zəfər tarixi Zəfərdir. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Lakin bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında göstərdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgər və zabitlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, 30 il səbirsizliklə gözlədiyi Qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmən hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadı. Azərbaycan Ordusunun Zəfər paradı dünya ermənilərinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.
Zəfər Paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza Qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki Zəfəri ilə ordumuz yeni tarix yazdı. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Bu parad bir daha göstərdi ki, Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla aparılıb. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, Ordumuzun döyüş və Qələbə əzminin şahidi oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.”
Zəfər paradının diqqətçəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və Türkiyə hərbçililərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyə dövləti bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi. Bütün dünya bir daha bu dostluğun, qardaşlığın şahidi oldu. Həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazandığımız Qələbəmizi təbrik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında qürurla belə demişdi: “Bu gün hamımız üçün, böyük türk dünyası üçün zəfər və qürur günüdür... Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. ” Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqımıza, eyni zamanda, bütün dünyaya göstəririk.” – deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirmişdi. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaq.
Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı ordu və xalq Prezidentin ətrafında sıx birləşdi və Zəfər çaldı. Zəfər paradı bu müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir və müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqi oldu.
Zəfərin mübarək, Azərbaycan!
Zəfərin mübarək, Ali Baş Komandan!
Nuray Ələsgərova
YAP Yasamal rayon təşkilatının fəalı
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...