Prezident İlham Əliyev: "Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik"
Dünyanın ən inkişaf etmiş ölkələri sırasında inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzində olan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.
Paytaxt Bakı daha bir beynəlxalq tədbirə - "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Foruma ev sahibliyi edir. Ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.
"BİZ REGİONA SÜLHÜ ARTIQ GƏTİRMİŞİK"
Müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. "Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik". Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda səsləndirib. "İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi".
Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tariximizə qələbə yazıldı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
"ƏLİMİZDƏN GƏLƏNİ EDƏK Kİ, MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN MAKSİMAL HƏYAT ŞƏRAİTİ YARADILSIN"
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər" – deyən Prezident bildirib ki, biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq".
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Bu Azərbaycanın gücünün göstəricisidir.
"BİZ QAYIDIŞ PROSESİNİ PLANLI HƏYATA KEÇİRİRİK"
Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
"Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik, şərait yarada bilərik. Yeri gəlmişkən söyləyim ki, həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki, biz qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir, bu onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir" – deyə Prezident diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib ki, bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi: "Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, - artıq söylədiyim kimi,- beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, onların hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir".
"BİZİM BAYRAĞIMIZ XANKƏNDİDƏ UCALDILDI"
Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandıraraq bildirib ki, sülh prosesinin təşəbbüskarı biz olmuşuq: "İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə "Dağlıq Qaradağ respublikası"nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik". Dövlətimizin başçısı onu da bildirib ki, onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu oraya daxil etsinlər: "Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq".
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur.
"Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik" – deyə bildirən Prezident diqqətə çatdırıb ki, Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur və bəzən əsassız olaraq bizi bunda ittiham edirlər: "Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Əlbəttə ki, sülh bütövlükdə dünya insanın arzuladığı nemətdir, dəyərdir. Sülh olan yerdə əmin-amanlıqdan, inkişafdan danışa bilərik. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Zümrüd BAYRAMOVA