Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq". Bəli, şəhər və kəndlərimizə yeni bir həyat gəlib. Tarixi mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Artıq Füzuli, Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı da olub. Bu o deməkdir ki, Azərbaycan qısa bir zamanda keçmiş köçkünlərini öz əzəli torpaqlarında rahat şəraitlə təmin etməkdə davamlı tədbirlərə imza atır. Əlbəttə ki, işğaldan azad olunan ərazilərimiz mənfur düşmən tərəfindən dağıdılsa da, Azərbaycanın iqtisadi gücü, dinamik inkişaf bu yerlərin tezliklə dirçəldilməsində əsas amildir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN MÜASİR DÜNYAMIZDA YENİ DÖVRÜ
Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda abadlıq-quruculuq işləri həyata keçirildi. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident oraya qayıdacaq insanlara rahat şəraitin yaradılacağını çıxışlarının birində bildirmişdi: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər işğaldan azad olunan ərazilərimizi müasirşəhərə çevirir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Bəli, artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, daha sonra Laçına, Füzuliyə köç karvanları yola salındı.
Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir.
QÜDRƏTLİ VƏ GÜCLÜ AZƏRBAYCAN
Üç il bundan əvvəl tarixin bu günü Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbərdir. Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməli dövlət başçımız tərəfindən qoyuldu. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Füzuli şəhərində dövlət başçısı tərəfindən inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
İLİN SONUNA QƏDƏR FÜZULİDƏ TƏQRİBƏN 2 MİNƏ YAXIN İNSAN YAŞAYACAQ
Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıdırlar. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. "Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi" – deyə Prezident bildirmişdir.
İlk köç karvanı ilə 23 ailə doğma şəhərinə qayıtdı. Bu, davamlı olaraq həyata keçirildi. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Mərhələli şəkildə köçlər davam edir. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün isə Füzuliyə yenidən köç karvanları yol alır. Dövlət başçımızın bildirdiyi kimi, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşadı. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır.
Nəzakət ƏLƏDDİNQIZI