PDF Oxu

Siyasət

  • 1 670

Ermənistan yenidən təxribata əl atır

Ermənistan yenidən təxribata əl atır

İlham Əliyev xəbərdarlıq etdi

"Ermənistan Rusiyaya 400 milyon dollar ödəyib, amma əvəzində silah ala bilmir. Hindistandan silah alırıq, ancaq bu silahların daşınması ilə bağlı logistik problemlər yaranır. Gürcüstandan keçməklə Fransa istehsalı bir neçə zirehli maşın gətirildikdə, bu, “böyük uğur” sayıldı. Silahlanma baxımından vəziyyət ürəkaçan deyil".

Erməni jurnalist: "Bir dəfə canlı yayım zamanı Paşinyan yerli istehsalın “heç vaxt görmədiyimiz güc”ündən və “gizli silah”ından danışdı"

Qeyd edək ki, bunu erməni jurnalist Artak Qalstyan deyib. Onun sözlərinə görə, Ermənistanın hərbi sənayesinin inkişaf etdirilməsi, yerli silahların istehsalı ilə bağlı çox danışılır: "Paşinyan vaxtaşırı bu məsələ ilə bağlı görüşlər keçirir, çıxışlar edir, amma bunlar bəyanatlar səviyyəsində qalır. Ermənistanda ciddi hərbi məhsullar istehsal olunmur, bu da ixraca tələbatı artırır".

Qalstyan daha bir xatırlatma da edib. Onun sözlərinə görə, bir dəfə canlı yayım zamanı Paşinyan yerli istehsalın “heç vaxt görmədiyimiz güc”ündən və “gizli silah”ından danışdı: "Ermənistan istehsalı olan həmin silah – PUA-lar haqda hakimiyyət videolar yayanda, lovğalananda çoxları elə bilirdi ki, təhlükəsizliyimiz təmin olunub. Amma Azərbaycanla 44 günlük müharibə həmin köpüyü partlatdı. Hərbi əməliyyatlar zamanı erməni PUA-ları düşmənə qarşı mübarizədə effektiv olmadı”.

Qalstyan: "Yəqin ki, Ermənistan hakimiyyəti həmişə asan yollar axtarır, məsələn..."

Erməni jurnalisti qeyd edib ki, Ermənistan müxtəlif ölkələrlə hərbi əməkdaşlıq sahəsi yaradıb, amma birgə təşəbbüslərlə bağlı heç bir addım yoxdur: “Yəqin ki, Ermənistan hakimiyyəti həmişə asan yollar axtarır, məsələn, silah idxal etmək və məsələni bununla bağlamaq. Üstəlik, kənardan alınan silahların şübhəli keyfiyyəti və səmərəsizliyi...”.

Prezident İlham Əliyev: "Hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər”

Xatırladaq ki, Prezident İlham Əliyev bu sözləri ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bəyan edib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistanın silahlanması məsələsini hər zaman qaldırır: "Hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər”.

Onun sözlərinə görə, Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər:

“Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik.

Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir”.

Afət Tahirqızı

Digər xəbərlər