2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu əməliyyatlar nəticəsində qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atmadan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü,yenidən,təsdiqlədi. 2020-ci ilin 8 Noyabr tarixi - doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımız Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bəyan etdi. Prezidentin həmin müraciəti zamanı dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!"
Azərbaycanın qəhrəman əsgər və zabitləri düşmənə sübut etdi ki, istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Hazırda xalqımızın varlığının sübutu, milli suverenliyimizin simvolu, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin nümayişi olan müqəddəs Bayrağımız əzəli və əbədi torpaqlarımızda - qeyrət qalamız Şuşda, qan yaddaşımız Xocalıda, Hadrutda, Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda əzəmətlə dalğalanır. Şanlı tariximizin böyük sərkərdəsi, Qarabağ dastanının müəllifi cənab İlham Əliyev cari ilin oktyabrın 15-də Xankəndidə mübarək bayrağımızı ucaltmaqla həm də xalqımıza Zəfər Günü, Bayraq Günü hədiyyəsini etmiş oldu. Hər iki bayramı xalqımız böyük Qələbənin unudulmaz sevinci ilə iftixarla, böyük şövq və xoş ovqatla qarşılayır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimiz özünün qüdrətini bütün dünyaya nümayiş etdirir və gələcək nəsillər də bu şanlı tariximizlə fəxr edəcəkdir.
Xaləddin Tağıyev
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini