Siyasət

  • 1 552

Qələbəmizin təntənəsi

image

2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu. Bakı şəhərində keçirilmiş Zəfər paradı tariximizin qürur səhifələrindən biridir.

Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfər, o cümlədən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş oldu. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, ən əsası isə İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin sıra addımı ilə Qələbəni qeyd etməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Bu məqamda dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq zəruridir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik. Beləliklə, Zəfər paradı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir.
Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.
Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Prezident İlham Əliyevin paradda çıxışı zamanı vurğuladığı kimi, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Bu o demək idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürü idi. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin hərbçiləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Zəfər paradı həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu. Paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri xüsusilə qeyd edilməlidir: “Qarabağ artıq ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi də coşqu ilə qarşılandı və bütün xalqımızı bir daha qürurlandırdı.
Ümumiyyətlə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə və Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı! Bu möhtəşəm hadisənin üçüncü ildünümündə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla anır, qəhrəman ordumuzla qürur duyuruq! İnanırıq ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dövləti bundan sonra da möhtəşəm zəfərlər qazanacaq!

Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Digər xəbərlər