Siyasət

  • 948

Gücümüzü dünyaya nümayiş etdirdik

image

10 dekabr 2020-ci il tarixində keçirilən parad ilk dəfə Vətən müharibəsindən sonra keçirilən Zəfər paradı idi. "Zəfər paradı” Azərbaycanın gücünü, Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan Prezidentinin qətiyyətini bir daha nümayiş etdirdi. Artıq Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrilib. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusundan biridir. Azərbaycan Ordusu günü-gündən öz gücünü, qüdrətini daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir.

Yaddaşımıza həkk olunan tarix, 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı zamanı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dediyi sözləri bir daha xatırlayaq: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Həmin paradda işğaldan azad olunan torpaqlarımızda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə, qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik.
Eyni zamanda Türkiyə Prezidentinin iştirakı, iki ölkə rəhbərinin birgə çıxışı, Azərbaycanın mövqeyini dəstəkləyən fikirlərin irəli sürülməsi bu paradın niyyətini və önəmini bir daha artırdı.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak edirdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında – Zəfər Paradında bizlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi.
Bu gün 44 günlük müharibə zamanı döyüş meydanıda məğlubiyyətə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olmaq üçün Hərbi Qənimətlər Parkını hamı ziyarət edir. Bu park ordumuzun gücünü və potensialını nümayiş etdirən bir əsər və qürur yeridir. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs müzəffər Azərbaycan ordusunun qüdrətinin şahidi olur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən siyasətin nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz bu şanlı Zəfərini bu gün Xankəndi şəhərindən dünyaya nümayiş etdirir. Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
Bu Paradın keçirilməsi Rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə, müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır!

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər