PDF Oxu

Siyasət

  • 4 343

Müstəqil və qüdrətli Azərbaycanın memarı HEYDƏR ƏLİYEV

Müstəqil və qüdrətli Azərbaycanın memarı HEYDƏR ƏLİYEV

Müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində əbədiyaşarlıq qazanmışdır. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır və yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası ilə tarix yazdı.

"AZƏRBAYCAN MƏNİM NƏFƏSİM, HƏYATIMDIR"

Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxardı. Ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Bütün ömrünü Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradaraq, onu böyük bəladan, dəhşətli fəlakətdən qurtardı. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan mənim nəfəsim, həyatımdır. Doğma vətənim Azərbaycana bağlıyam. Heydər Əliyevin böyüklüyü Onun sözü ilə əməlinin birliyində idi. Ulu Öndər hər zaman çalışırdı ki, insanların istəklərini, arzularını reallaşdırsın.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O öz ömrünü Azərbaycan xalqına həsr etmişdir və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edirdi".

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilib. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal onların icrasına başlanıldı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli yorulmadan çalışırdı. Qısa bir zaman məsafəsində bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. "1969-cu ilə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Respublikada sənaye potensialı çox aşağı səviyyədə idi. Digər göstəricilər də ən aşağı səviyyədə idi", - deyə Prezident İlham Əliyev bildirib.

"NƏ QƏDƏR AZƏRBAYCAN VAR, MƏN YAŞAYACAĞAM. MƏN AZƏRBAYCANDA ƏBƏDİ OLACAĞAM"

Zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi ilə Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Azərbaycan xalqının Xilaskar Oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatların həyata keçirilməsinə nail oldu. Azərbaycanın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev orada izi olmasın, möhrünü vurmasın. Özünün dediyi kimi, "Nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq".

"ON İL ƏRZİNDƏ - 1993-2003-CÜ İLLƏR ƏRZİNDƏ AZƏRBAYCAN BÖYÜK VƏ UĞURLU YOL KEÇMİŞDİR"

İctimai-siyasi həyatın bütün sahələrində qazanılan uğurlar milli tərəqqimizi təmin etməklə yanaşı, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu da artırır, onu dünya birliyinin etibarlı tərəfdaşına çevirir. Bütün bu uğurların mənbəyində Heydər Əliyevin müdrik siyasəti dayanır. Dövlət başçımız bildirib ki, bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur: "On il ərzində - 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlamışdır".

Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. 2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.

"XOŞBƏXT ADAMAM Kİ, ATA VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM"

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə "dəmir yumruğ"un gücünü göstərdi.44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti dünyaya bir mesaj oldu. Azərbaycan XXI əsrin müharibəsini apardı və hərb tariximizə möhrünü vurdu. Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdiyi kimi, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə də dünya dövlətlərinin diqqətindədir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edildi. "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdir.

Cənab İlham Əliyev bütün dünyaya Azərbaycanın gücünü, tarixi ədaləti diplomatik yol ilə bərpa etdiyini göstərdi. Vurğulamaq yerinə düşər ki, Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən, Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Bu gün Onun arzuları reallaşmışdır. Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycan bu gün öz inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasındadır.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər