PDF Oxu

Siyasət

  • 2 311

"Dəmir yumruğ"un gücü: ZƏFƏR PARADI TƏHLİL

"Dəmir yumruğ"un gücü: ZƏFƏR PARADI TƏHLİL

Üç il bundan əvvə Azərbaycan daha bir tarixi bir günün yaşadı. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradı tariximizdə özünəməxsus yer aldı. Bu parad Vətən müharibəsindəki döyüşlərdən qalib çıxmış, düşmənə "dəmir yumruğ"un gücünü göstərmiş Azərbaycanın qalibiyyət yürüşü idi. Hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi tarix qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir"."Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər. Belə ki, döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – "KamAZ" markalı avtomobilin qoşqusunda D-30, "Ural" markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA", "OSA-1T", "KUB" zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot", "UAZ Hunter" minik avtomobilləri, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları və s. qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqini ifadə edirdi.

DÜNYA ERMƏNİLİYİNƏ, ERMƏNİSTANIN HAVADARLARINA VERİLƏN MESAJ

Erməni tankları Bakıya məğlub kimi gəldilər, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

Etiraf etməliyik ki, son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxışı zamanı bildirib ki, bu zəfər tarixi zəfərdir: "Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq."

Əminik ki, əsrlər keçəcək əsrin müharibəsi sayılan Vətən savaşımızın Zəfər salnaməsi başqa xalqlar üçün də qəhrəmanlıq dastanı kimi örnək olacaqdır. Sözsüz ki, bu ZƏFƏR xalqımızın il ərzində qeyd etdiyi tarixi və bayram günlərini taclandıran bir Bayram kimi xalqımız var olduqca qeyd ediləcəkdir. Ərazi bütövlüyümüz bərpa olynduqdan sonra, Azərbaycan ictimaiyyəti, qardaş Türkiyə, eləcə də, dünya azərbaycanlıları və Azərbaycanın dostları ZƏFƏRin Azadlıq meydanında təntənə ilə paradla qeyd edilməsini gözləyirdi. Bu paradda bütün xalq Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi.

"TÜRKİYƏNİN AZƏRBAYCANA VERDİYİ SİYASİ VƏ MƏNƏVİ DƏSTƏK HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞINI QÜRURLANDIRIR"

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə keçirilmiş ZƏFƏR paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. ZƏFƏR paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi. ZƏFƏR paradı ictimaiyyət tərəfindən Qardaşlıq Zəfərinin rəmzi də adlandırılırdı. İki qardaş ölkənin LİDERLƏRİNİN paradı birgə qəbul etməsi və onların möhtəşəm çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. ZƏFƏRƏ həsr olunmuş parad Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzinə çevrildi. Türkiyə-Azərbaycan dostluğu 44 günlük Vətən müharibəsində özünü daha qabarıq şəkildə göstərdi. Bu birliyin nəticəsidir ki, ölkəmiz qısa müddətdə işğalçı ölkəni diz çökdürdü və möhtəşəm Qələbə qazanaraq, 30 illik işğala son qoyuldu. Bu sarsılmaz dostluğu möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında belə ifadə edib: "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk." Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir" fikri də eyni amal uğrunda mübarizə aparan xalqlarımızın, beynəlxalq aləmdə də bir yumruq kimi birləşən ölkələrimizin dostluğunun necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil" çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və iki ölkə həmişə bir-birinin sevincli, kədərli günlərində biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Döyüş meydanında, eləcə də diplomatik sferada qazandığı tarixi qələbə Azərbaycanın həm güclü, həm də haqlı olduğunu bir daha isbat etdi.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər