Son günlər Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında məlum qərar bəzi siyasi müxalif qüvvələrini ciddi narahat edib. Mətbuatda, sosial şəbəkələrdə bundan əndişələnən siyasi müxalifətin heç bir əsası olmayan iddia və ittihamları cəmiyyətin sağlam qüvvələrini narahat etməyə başlayıb. Məsələ ilə bağlı Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzovun fikirlərini təqdim edirik. Azərbaycanda fevralın 7- də növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarın verilməsi, səmimi deyək ki, hər kəs üçün gözlənilməz oldu. Yəni bu gün Azərbaycan seçicilərinin mütləq əksəriyyəti, Azərbaycanın daha da qüdrətli olmasını, regionun lider dövləti imicini qoruyub saxlamasını, dünya birliyindəki ilbəil yüksələn nüfuzunu artırmaqda davam etməsini istəyən hər kəs indiki siyasi kursün davamını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyini birmənalı dəyişməz hesab edir. Belə olduğu halda, növbədənkənar seçkilərə gedilməsi qərarı haradan qaynaqlandı sualını çox adamlar verə bilər. Ancaq son iyirmi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı bütün addımların min dəfə düşünülüb, hesablamalar aparılaraq atıldığını hər kəs bilir. Bu addımların Azərbaycanı fenomenal sürətlə inkişafa, qələbədən qələbəyə apardığını da yaxşı bilirik. Həmçinin, Prezidentin bir fikrini də xatırlamalıyıq: “Mən nəyi, nə zaman və necə etməyi daha yaxşı bilirəm!” Bu baxımdan, çoxlarının gözləmədiyi halda ölkə başçısının belə bir qərar verməsində, cəmiyyət olaraq nəsə axtarmır və bu qərarın da Azərbaycanın yeni, möhtəşəm nailliyyətləri naminə atıldığını birmənalı qəbul edirik. Qəbul etmək istəməyənlər isə, ya dünyada gedən prosesləri doğru-düzgün dərk edə bilmirlər, ya da...
Məsələ ikinci “ya da”dadır. Özünü ana, ata, dədə, baba və s. müxalifət kimi cəmiyyətə və dünyanın bəzi güclərinə sırımağa çalışan “sevimli” müxalif qüvvələrimizin bəzilərinin əndişə keçirmələrini anlamaq üçün bu “ya da”nı bir az açmaq istərdim. Birincisi, vaxtilə böyük siyasi xadimlərin dediyi kimi, aiyasi hakimiyyətə gəlmək istəyən hər bir siyasi qüvvə sonuncu seçkilər başa çatandan dərhal sonra növbəti seçkilərə hazırlaşmalı, hər bir fövqəladə qərara hazır olmalıdır. Bizim bu ərköyün müxalifətimiz (Başda Əli Kərimli və onun qul-beçələri Cəmil Həsənli, Tofiq Yaqublu və digərləri olmaqla-T.N.) fevralın 7-nə seçkilər təyin edilən kimi çığır-bağıra ona görə başladılar ki, onlar bu aydın, siyasətçilər üçün olan həqiqəti unudublar. İkincisi, bunların seçkilərdə qalib gəlmələri ölünün yenidən dirilməsi qədər mümkünsüz olduğunu anlamamalarıdır. Yaxşı bilirlər ki, bu gün Azərbaycanda (Həm də təkcə Azərbaycanda deyil, bütün türk dünyasında və bütün əzilən xalqlar arasında-T.N.) İlham Əliyevə tükənməyən bir sevgi var. Bu sevgi isə bir dəfə deyil, on dəfə, həm də dünyanın bütün gücləri müdaxilə etsə belə, xalqın qismətinə allahın bəxş elədiyi belə qüdrətli lideri itirmək istəməyən xalqa təsir göstərə bilməz. Deməli, xaricdəki bütün ağaları birləşib kömək eləsə belə əlilərin, vəlilərin seçkidə səs qazanması mümkünsüzdür və bu mümkünsüzlüyü yaxşı bildiklərindən qabaqdangəlmişlik etmək onların yeganə çıxış yolu kimi qəbul edilməlidir. Üçüncüsü, AXCP neçə ildir ki, 200-300 adamı başına yığıb, vaxtından illər keçmiş qurultayını keçirə bilmir. Həm də qanunla tələb olunan beş min imzanı toplayıb Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün təqdim edə bilmir. O zaman Prazidentliyə namizədliyinin qeydə alınması üçün tələb olunan qırx beş min imzanı necə toplayacağını düşünmək və bu biabırçı vəziyyətini ört-basdır eləmək üçün “şaxsey-vaxsey” eləmək zorundadır. Dördüncü, beşinci... Hətta onuncu səbəb də sadalamaq olar. Amma bu üç səbəblə, hələlik, kifayətlənmək istəyirəm.
Və Əliyə də, onun züyünü tutanlara da bir tövsiyəm var: Ya bu vay-şivəndənsə yığışıb adamlarınızı, əgər varsa, salın şəhərlərin, kəndlərin məhlələrinə, bəlkə yalvarıb-yaxarıb altı milyon seçici içindən qırx beş min imzanı birtəhər toplaya bildiniz və “namizəd” olub həm xaricdəki dostlarınıza hələ də siyasi qüvvə kimi varlığınızı göstərə bildiniz, həm də cəmiyyətə xaricdəki həmin ağalarınızdan aldığınız sifarişlər əsasında boğazdan yuxarı qışqır-bağır eliyə bildiniz. Yoxsa bu şansı da əldən versəniz, vay sizin halınıza...
Təhmasib Novruzov