Siyasət

  • 2 946

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür ŞƏRH

image

12 dekabr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu il görkəmli siyasətçi, müstəqil və müasir Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyevin vəfat etməsindən 20 il ötür.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük nəticəsi, quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl dövlət müstəqil Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev yaratdığı müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə sarsılmaz təməllərini müəyyən etmişdir. Bu gün müasir və müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

Ulu öndər Heydər Əliyevin doğulduğu ailənin mənsub olduğu Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərə sıx bağlılığı, sovet dövründə xalqını düşündürən problemləri, Azərbaycan və dünya tarixini, beynəlxalq məsələləri mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında işləyərkən Azərbaycan xalqına qarşı yönəldilmiş siyasəti aydın görməsi və bir sıra digər amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir etmişdi.

Danılmaz həqiqətdir ki, fenomenal siyasi xadim ulu öndər Heydər Əliyev hər zaman yaranmış ən kiçik imkanlardan xalqının mənafeləri naminə istifadə edirdi. Azərbaycanlıların birliyi məsələsi ulu öndər Heydər Əliyevin milli dövlətçilik baxışlarının tərkib hissəsi idi. Buna görə də o, hakimiyyətə gəldikdən sonra böyük məharətlə azərbaycanlılar arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, xalqla hakimiyyət arasında uçurumun aradan qaldırılmasına nail oldu. Uzaqgörən ümummilli lider Heydər Əliyev o dövrdə azərbaycanlıları müxtəlif dövlət orqanlarında vəzifələrə gətirmək üçün onların Kommunist Partiyası sıralarına daha çox daxil olmasına çalışır, məqsədinə böyük əzmlə çatır, xüsusi xidmət orqanlarına azərbaycanlı kadrları yerləşdirir, siyasi hakimiyyəti möhkəmləndirir, milli ruhu gücləndirir, qadınları müxtəlif vəzifələrdə irəli çəkir, azərbaycanlıların qırılmış inamını bərpa edərək vətənpərvərlik və millətsevərlik baxışlarını gücləndirirdi. Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri Azərbaycan xalqı arasında milli birliyə, siyasi hakimiyyət arasında yekdilliyə, siyasi hakimiyyətlə xalq arasında vəhdətə nail olması idi.

Ulu öndər Heydər Əliyev öz fəaliyyətində ilk növbədə təhsil və elmə xüsusi diqqət verirdi. Xalqın maariflənməsinə ciddi əhəmiyyət verən ulu öndərimiz Azərbaycan müəlliminə xüsusi qayğı göstərir, onları müxtəlif fəxri adlarla təltif edir, ən qabaqcıllarını bütün ölkədə tanıdırdı. Məktəblərin ana dilində dərslik, dərs vəsaitləri və metodik göstərişlərlə təmin olunması işi gücləndirilirdi. Respublikada ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət verilirdi.

Azərbaycanın ərazi bütövlüyünün qorunması, toxunulmazlığı, qədim tarix və mədəniyyət abidələrinin qorunması və bərpa etdirilməsi, xalqımızın dini və mənəvi dəyərlərinin qorunub saxlanması, inkişaf etdirilməsi, ədəbiyyata və jurnalistikaya qayğı, milli incəsənətin inkişafına diqqət və qayğı, ana dilinə qayğı, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik baxışlarının tərkib hissələri idi. Ümummilli lider Azərbaycan xalqını müasir dəyərlərə yiyələnmiş, inkişaf etmiş xalq kimi görmək istəyirdi və onun milli tarixə, adət-ənənələrə qayğısı xalqda müstəqillik hisslərinin dirçəlməsinə təsir edirdi.

Ümummilli lider Heydər Əliyev respublika quruluşuna sadiq idi və onu dərindən sevirdi. O, əhalinin həyat şəraitini yaxşılaşdırmaq yolu ilə demokrafik inkişafa çalışırdı. Sovet dövründə hərbiçi kadrarın hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsi saəsindəki fəaliyyətini bir neçə istiqamətdə həyata keçirən Heydər Əliyev azərbaycanlıların döyüş-texniki hərbi hissələrində qulluq etməsinə, ölkənin ali hərbi məktəblərinə göndərilməsinə nail oldu, C.Naxçıvanski adına hərbi məktəbi açdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycana xarici ölkələrin rəsmi nümayəndə heyətlərinin və diplomatlarının səfərləri xeyli çoxalmışdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Azərbaycan yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirdi, onun siyasi zəkası sayəsində ölkəmiz dünyada özünə layiqli yer qazandı.

Əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider. Bu üç fenomenal keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı rol misilsizdir. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Əbədi müstəqillik tarixi yazan Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Günay Məmmədli

YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər