YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar Liderin reallaşan arzuları” mövzusunda konfrans keçirmişdir. Tədbir təşkilatçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər. Tədbiri YAP Ağcabədi rayon təşkilatını sədri Rövşən Əhmədov açdıqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə “Əbədiyaşar Liderin reallaşan arzuları” mövzusunda geniş məruzə edərək qeyd etdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ili tamam olur. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz ən böyük Azərbaycanlı idi.
Məruzədə həmçinin vurğulandı ki, ölkəmiz bu gün Heydər Əliyev siyasətinin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin davamçısı cənab İlham Əliyevdir. Heydər Əliyev siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Məhz cənab İlham Əliyev Ölkə Prezidenti, Ali Baş Komandan kimi əsl sərkərdə əzmi nümayiş etdirərək, 30 il Erməni işğalında qalan torpaqlarımızın düşmən tapdağından azad etdi. İndi həmin ərazilərdə möhtəşəm quruculuq, abadlıq işləri həyata keçirilir.
Tədbirdə Hacıbədlli ərazi partiya təşkilatının sədri Feyzulla Feyzullayev, 5 saylı ərazi partiya təşkilatının sədri Fəridə Allahverdiyeva və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Nuranə Bəylərova çıxış edərək qeyd etdilər ki, Ulu öndərimizin xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ölkəmizin inkişafına və ərazi bütövlüyünün bərpasına gətirib çıxarmışdır.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə başa çatdı.