PDF Oxu

Siyasət

  • 5 157

Ulu öndər Heydər Əliyevin anım günü hörmət və ehtiram hissi ilə qeyd edilir ŞƏRH

Ulu öndər Heydər Əliyevin anım günü hörmət və ehtiram hissi ilə qeyd edilir ŞƏRH

Azərbaycan inkişaf edir, Azərbaycan gələcəyə böyük addımlarla irəliləyir. Onun getdiyi yol isə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yoldur. Cismani yoxluğundan 20 il keçsə də, xalq öz xilaskarını unutmayıb, unutmayacaq. Ona görə ki, Heydər Əliyev hər birimizə nümunə olan BÖYÜK AZƏRBAYCANLIDIR.

Azərbaycan xalqı 12 dekabr tarixini Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Tarixən hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olub.

Həmin dahi şəxsiyyətlər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Xalqımızın Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə xalq üçün taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirmişdi. Belə ki, Ulu öndər ictimai səviyyədə çətinliklə də olsa, mövcudluğunu qoruya bilmiş azərbaycançı məfkurəni dövlət səviyyəsinə qaldırıb işğalın vurduğu zərbələrin təsiri altında müvazinətini itirmiş xalqla onun maddi-mənəvi tarixi arasında varislik əlaqələrini dirçəldib möhkəmləndirmişdir. Heç də təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində bir ideologiya ilə paralel, Heydər Əliyev şəxsiyyəti də birlik və həmrəyliyin simvoluna çevrilmişdir. Məhz bu tarixi şəxsiyyətin bəsirəti sayəsində hələ SSRİ dövründə azərbaycançılığın mədəni, siyasi-ideoloji və sosial-iqtisadi əsasları yaradılmışdır.

Məlum olduğu kimi, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunurlar. Məsələn, elə simalar var ki, yalnız öz doğma Vətənində tanınır, hörmətlə yad edilir, lakin elə şəxsiyyətlər də var ki, onlar zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar aktivliyi, strateji hədəflərə doğru qətiyyətli irəliləyişi, ölkəmizin perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirir. Qeyd edək ki, Azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir siyasi ideoloq və strateq olaraq da Ulu öndər Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. O, Azərbaycan SSR-in rəhbərliyinə gələrkən respublikada çox fərqli-millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz həmin çətin vəziyyətdə Ulu öndər Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Beləcə Azərbaycan xalqı iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtulmuş oldu.

Tarixə nəzər salsaq, ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxararaq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Ulu öndər həmin dövrü belə səciyyələndirirdi: “O illər biz müstəqilliymizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyini elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur”. Bütün bunlar azərbaycançılığın formalaşmasının sosia-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsi idi.

Eləcə də, ümummilli lider Heydər Əliyevin təhsil almağa göndərdiyi çoxsaylı tələbələr və müdavimlər sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında və Azərbaycanın həyatında hərtərəfli xidmətləri ilə yadda qalmışlar.

Azərbaycan xalqının lideri Heydər Əliyev özünün çoxillik yorulmaz fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Danılmaz bir faktdır ki, məhz Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dili dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətimizin rəsmi dilinə çevrilmişdir. Ümummilli lider muasir müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirib: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurub, onların sarsılmaz vəhdətini təmin edib. Bütün dünyada hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşıb. Muasir və müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfələr verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: “…fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Ulu öndər Heydər Əliyevin Azərbaycanın vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin, XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Məhz ona görə ki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.

Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər