Cənubi Qafqazın beynəlxalq siyasətdə əhəmiyyəti çox mühüm nəqliyyat və iqtisadi potensialına görə açıq şəkildə artır”
Rusiyalı ekspert, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının baş müəllimi Sergey Marqulis “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər və yaranmış vəziyyətlə bağlı maraqlı məqamlara toxunub. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.
- Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Üç üstəgəl üç” regional platformasının həyata keçirilməsinin vacibliyini açıqladı. Bu layihənin perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycanın irəli sürdüyü və Türkiyənin də dəstəklədiyi “3+3” təşəbbüsü yeni deyil və fikrimcə, ümumilikdə bütün iştirakçı ölkələr üçün, xüsusən də iqtisadi baxımdan perspektivli ola bilər. Şübhəsiz ki, Lavrovun bununla bağlı bəyanatları təsadüfi deyil, çünki Rusiya Federasiyası üçün bu təşəbbüsün regiona birbaşa aidiyyəti olmayan hər hansı xarici aktorların, ilk növbədə ABŞ-ın iştirakını istisna etməsi vacibdir.
Lakin bu platforma Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi baxımından kifayət qədər effektiv deyil, çünki bu, əsasən Azərbaycan və Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq.
- Rusiya ekspert icmasında üstünlük təşkil edən fikir ondan ibarətdir ki, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya Federasiyası Cənubi Qafqazdakı, xüsusən də Ermənistandakı vəziyyətlə daha yaxından məşğul olacaq. Rusiya Federasiyası konkret hansı addımları ata bilər?
- Bu mövzu ilə bağlı istənilən bəyanatı populizm hesab edirəm. Birincisi, ona görə ki, Ukrayna istiqamətində xüsusi əməliyyatın başa çatması ilə bağlı, hələlik, heç bir konkret məlumat yoxdur.
İkincisi, Rusiya 1990-cı illərdən, yəni demək olar ki, Qarabağ münaqişəsi başladığı andan Cənubi Qafqazda kifayət qədər aktiv siyasət aparmağa çalışıb. Ona görə də Rusiya Federasiyasının Qafqazda hansısa qeyri-müəyyən perspektivdə hansısa güclü aktivləşməsindən danışmaq ciddi deyil.
- Ermənistanın KTMT-dən çıxma ehtimalı nə dərəcədə yüksəkdir?
- Ermənistanın KTMT-dən çıxma ehtimalı mövcuddur və kifayət qədər yüksəkdir. Ermənistan rəhbərliyinin bunun əksini iddia etməsinə baxmayaraq, onların son addımları ən azı bu ölkənin bu təşkilata marağını itirdiyini göstərir. Lakin bunu Ermənistan rəhbərliyinin əməli fəaliyyəti də göstərir.

Eyni zamanda, Ermənistan KTMT-dəki fəaliyyəti çox məhdud olsa da, düşünmürəm ki, yaxın gələcəkdə hərbi blokdan çıxmaq qərarına gələcək.
- Son hadisələr fonunda yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması mümkündürmü?
- Danışıqlar prosesi gedir, amma mən qısa və ya ortamüddətli perspektivdə sülh sazişinin bağlanmasından danışmazdım. Bu, bir sıra həll olunmamış məsələlərlə müşayiət olunur, məsələn, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları, sərhədlərin delimitasiyası məsələləri və s.
Digər tərəfdən, Ermənistan cəmiyyətində sülh müqaviləsi Ermənistanın növbəti məğlubiyyəti kimi qəbul oluna bilər. Ona görə də çox güman ki, Nikol Paşinyan Azərbaycanla sülhün bağlanması ehtimalını gecikdirməkdə davam edəcək.
- Amerika hərbi bazalarının Ermənistanda yerləşdirilməsi və Rusiya hərbi bazalarının Gümrüdən çıxarılması ehtimalını etiraf edirsinizmi?
-Rusiya hərbi bazasının çıxarılması mövzusu hətta Rusiya media məkanında kifayət qədər fəal müzakirə olunur, baxmayaraq ki, mənim bildiyimə görə, bununla bağlı nə Ermənistan, nə də Rusiya tərəfdən bircə dəfə də olsun rəsmi açıqlama verilməyib. Ona görə də mən hələlik belə bir ssenari üçün heç bir əsas görmürəm.
Amma Qarabağdakı rus sülhməramlılarına gəlincə, mən hesab edirəm ki, onların orada olması üçün ciddi əsaslar olmadığı üçün çox güman ki, onların çıxarılması 2025-ci ildə baş tutacaq. Qarabağ problemi hərbi yolla həll olunub və indi orada rus sülhməramlılarının olmasına ahtiyac getdikcə azalır. Ona görə də təbii ki, regional təhlükəsizlik baxımından hansısa köklü dəyişikliklər olmasa, onların regionu tərk edəcəklərini düşünürəm.
- Müşahidələrinizə görə, dünya siyasətində Cənubi Qafqaz hansı rolu oynayır?
- Cənubi Qafqazın beynəlxalq siyasətdə əhəmiyyəti çox mühüm nəqliyyat və iqtisadi potensialına görə açıq şəkildə artır. Aparıcı fövqəldövlətlərin, xüsusən də ABŞ-ın regiona diqqəti artır. Bu isə artıq bu regionun həm beynəlxalq münasibətlər sistemində, həm də qlobal iqtisadiyyatda əhəmiyyətinin göstəricisidir.
Tərcümə - Elçin Bayramlı