Azərbaycan tarixinin fəxarətli günləri sırasında yer alan Zəfər paradı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bir daha dünyaya təntənəli şəkildə təqdim etdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə dövlətimizin hərbi qüdrətini, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın birlik və qələbə əzminin nümayişi idi. Tarixi ədaləti bərpa edən Azərbaycan Zəfər gününü yazaraq siyasi gücə, iradəyə malik dövlət başçısının Sərkərdəlik məharəti ilə xalqımızı Qalib xalq kimi dünyaya tanıtdı və Zəfər qazanmış xalq olaraq dünya hərb tarixinə yeni bir səhifə açdıq. 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər tarixi kimi yadda qaldı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı ki, bu da mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident bildirmişdir.
Üç il bundan əvvəl bütün dünya qalib Azərbaycan Ordusunun Zəfər paradına şahidlik etdi. Müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizamlı ordu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində gücünü Ermənistana göstərdi. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. "Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır", deyən cənab Prezident bildirib ki, biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik: "Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir".
Dövlətimizin başçısının 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq",- demişdir və zaman yetişdi bütün Azərbaycan xalqı bunu gördü.
Üç il bundan əvvəl dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradı tarixi hadisəyə çevrildi. Hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi tarix qələbəmizin Zəfər paradı Azərbaycanın qalibiyyət yürüşü idi. "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir", - deyə Cənab Prezident bildirib. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Erməni tankları Bakıya məğlub kimi gətirildi və qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxışı zamanı "Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik", - deyə bildirmişdir.
ZƏFƏR paradında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi və iki qardaş ölkənin liderlərinin paradı birgə qəbul etməsi bu birliyin və qardaşlığın növbəti simvoluna çevrildi. Cənab Prezidentin vurğuladığı kimi, "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk."
Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri Vətən müharibəsində bir daha özünü nümayiş etdirdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldilib. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil" çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və iki ölkə həmişə bir-birinin sevincli, kədərli günlərində biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirən Azərbaycan daha bir qalibiyyətin ortaya qoymuş oldu. Azərbaycan Ordusunun Qarabağda başlatdığı cari ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Bu gün Azərbaycan məğrur və Zəfər çalmış bir dövlət olaraq bütün ərazilərində tam suverenliyi bərpa edib.
İlkin ABBASOV,
YAP Qax rayon təşkilatının sədr müavini