20 il bundan əvvəl 2003-cü il dekabr ayının 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Tarixən güclü dövlətlərin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, onları sınağa çəkən, çiçəklənmə yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu zaman öz xalqını qoruyan, dövlətinin müstəqilliyi uğrunda mübarizə aparan, onu firavan inkişaf yoluna çıxarmağa müvəffəq olan şəxsiyyətlər tarixdə qalırlar. Belə şərəfli ömür yolu keçmiş, vətənini, millətini özündən öncə düşünmüş və yaddaşlarda əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
2023-cü ildə anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz dünya-şöhrətli siyasətçi, Azərbaycan xalqının dəyərli öndəri olan Heydər Əliyev üzərinə götürdüyü bütün missiyalarda hər zaman millətinə, dövlətinə inkişaf, sabitlik, böyük uğurlar qazandırıb. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsidir.
Heydər Əliyevin xalqın birliyi uğrunda göstərdiyi fəaliyyəti hər bir azərbaycanlı üçün örnək olmalıdır. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir" – deyən ulu öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideologiya miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdə və nümunə götürülməkdədir. Bütün dünyaya örnək nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır". Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı və bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Ulu Öndər Heydər Əliyevin güclü xarakteri, dəqiq siyasətçiliyi sayəsində Azərbaycan separatçı ssenarilərdən, işğal planlarından uzun müddət qoruna bildi. Ümummilli Liderin Nazirlər Sovetində vəzifəsini icra etdirdiyi dönəmlərdə keçmiş ittifaqın rəhbərliyi Qarabağla, bütövlükdə Azərbaycanla bağlı öz planlarını həyata keçirə bilmirdi. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz etmiş və 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyini yenicə bərpa edən Azərbaycanı sonu məlum olmayan, çox qorxunc siyasi böhranın, vətəndaş müharibəsinin caynağından qopartdı. 1992-1993-cü illərdə, ölkədə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mubarizə aparılması şəraitində hakimiyyətə gələn Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən qurtara bildi. Ve beləliklə, Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyi qorunub saxlanıldı.
Heydər Əliyevin səyləri nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Vaxtında və zamanında atılan bu addımlar böhranın astanasında olan ölkəmizin iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyev zaman-zaman öz nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 20 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. 44 günlük müharibədə qazanılan uğurlar və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatları sayəsində Azərbaycan torpaqlarının birləşdirilməsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilərək adımızın tarixə qalib xalq kimi yazılmasında Cənab Prezidentimizin əməyi əvəzolunmazdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Onun siyasi kursu daim öyrənilir və onun siyasi kursundan nümunə götürülür.
Lalə Səlimzadə
YAP Yasamal rayon təşkilatının fəalı