Elə insanlar vardır ki, onlar doğular, böyüyər, millətinə və insanlığa qarşı misilsiz xidmətlər göstərər. Onların adları öldükdən sonra da yaşayar. Belə insanlar çox azdır. Bu dahilərdən biri də Müstəqil Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevdir. 12 dekabr Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Heydər Əliyevin 20-ci anım günüdür.
Ulu öndər Heydər Əliyev dövrümüzün haqqında ən çox danışılan, ən çox kitab və məqalə yazılan şəxsiyyətlərindən biridir. Dahi lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü il tarixində Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Ulu öndər Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1969-cu il Azərbaycan SSR-in sosial-iqtisadi və mədəni həyatında dönüş ili olmuşdur. 1970-1980-ci illərin əvvəllərində Azərbaycanda kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, iqtisadiyyatda struktur islahatları həyata keçirilmişdir. Azərbaycan bu illərdə neft məhsulları, tikinti materialları, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu.
1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini oldu.
Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Həmin dövrlərdə Azərbaycanda silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmış, ölkə dağılmaq, parçalanmaq təhlükəsizilə üz-üzə qalmışdı. Dahi lider ölkəmizi bu bəladan öz qətiyyəti və uzaqgörənliyi sayəsində qurtardı.
Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Dövlətçiliyimiz və müstəqilliyimiz üçün böyük təhlükə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımlar atıldı və 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu. Bununla da 5 ildən artıq davam etmiş hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması və Azərbaycanın müstəqil dövlət kimi yaşaması və sonrakı inkişafı üçün ilkin zəmin yarandı.
Ölkəmizin daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.
1995-ci ilin noyabrında ölkəmizin ilk konstitusiyası qəbul edildi və Milli Məclisə demokratik seçkilər keçirildi. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev uzun müddət müalicə aldığı ABŞ-ın Klivlend klinikasında 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi.
Bu gün Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilməsində Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin böyük rolu vardır. 2003-cü ildə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatları uğurlu şəkildə davam etdirir.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini