PDF Oxu

Siyasət

  • 1 142

Ermənilərin sevimli janrı kofe fallarıdır - ŞƏRH-ANALİTİK

Ermənilərin sevimli janrı kofe fallarıdır - ŞƏRH-ANALİTİK

Politoloqlar nə düşünürlər?

Fakt budur ki, Ermənistanın siyasi dairələrində revanşistlərin və ağılsız politoloqların olduğu kimi, hadisələrdən düzgün nəticə çıxarmağı bacaran, siyasi baxışları reallığa uyğun yönələn siyasi şərhçiləri də var. Xüsusilə, sülh müqaviləsinin imzalanması mümkünlüyü dövründə hər iki tərəfin mövqeləri də maraq doğurmaqdadır.

"Sülh müqaviləsinin bağlanması qarşılıqlı anlaşmadan keçir və bunun üçün Ermənistan Azərbaycanın tələb etdiyi əraziləri qaytarmalıdır”.

Bu sözləri erməni hərbi ekspert Hayk Naapetyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyəti saxlamaq üçün Qərbdən təminatlar alır və buna görə də o özünü konstitusiyadan kənar hərəkət etmək hüququna malik sayır: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ və Böyük Britaniyanın güc strukturlarının nümayəndələri ilə görüşləri bu təminatların sübutudur. Ərazilərin təslim edilməsi ciddi problemlərə çevrilə bilər. Əgər ərazilərin təslim edilməsi, hətta Paşinyanın gücünü sarsıda bilərsə, bu ərazilər müharibə ilə təslim olacaq”.

"Azərbaycan Ordusu müharibəyə hazırdır, biz isə hələ də yerimizdə sayırıq”

Naapetyanın sözlərinə görə, hakimiyyət kütləvi etirazlar və hakimiyyət dəyişikliyi təhlükəsi hiss etməsə, əraziləri döyüşsüz təhvil veriləcək. Belə ki, Ermənistan və Azərbaycanın təhlükəsizlik sahəsindəki hərəkətləri güc ssenarisinin reallaşacağı təqdirdə fəaliyyət planının hazırlanmasından xəbər verir. O, qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan silah və hərbi texnika almaqda davam edir, Türkiyə ilə 30-dan çox hərbi təlim keçirib, mütəxəssislər hazırlayır: "Bunun fonunda Ermənistanda heç bir hərbi təlim keçirilmir, yəni ölkə mümkün hərbi əməliyyatlara hazır deyil. Belə şəraitdə əraziləri müharibə yolu ilə təslim etmək daha asandır, çünki Azərbaycan Ordusu müharibəyə hazırdır, biz isə hələ də yerimizdə sayırıq”.

Hayk Naapetyan məhz bu reallığı əsas gətirməklə müharibənin olmayacağını hesab edir, eləcə də onu bildirir ki, anti-Paşinyan siyasi dairələrinin cəhdlərinə baxmayaraq, Ermənistanın içində də hər hansı çevriliş, yaxud digər ssenarilərin həyata keçməsi mümkünlüyü görünmür. "Çünki Qərb Nikolu hakimiyyətdə saxlamaq üçün artıq hərəkətə keçib, müəyyən məbləğlərdə məbləğlər də xərcləyib", - deyə erməni politoloqu və hərbi eksperti bildirib.

Artur Xaçikyan: "Azərbaycan əvvəl-axır dəhlizə sahib olacaq"

Digər erməni politoloqu Artur Xaçikyan isə bütövlükdə regional vəziyyətlə bağlı fikirlərini açıqlayaraq deyib ki, Cənubi Qafqazda yaranan geosiyasi vəziyyət beynəlxalq güclərin regiona marağını daha da artırıb. Üstəlik, regional dəhlizlərin işə düşməsini tələb edən ölkələrin strateji maraqlarından irəli gələn siyasi vəziyyət gündən-günə dəyişir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması təkcə region ölkələri üçün deyil, Ermənistan üçün də iqtisadi səmərə verəcək və ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayacaq.

Artur Xaçikyan bildirib ki, Azərbaycan əvvəl-axır dəhlizə sahib olacaq və bütün proseslər də ona doğru inkişaf edir: “İlham Əliyev təkid edir ki, Azərbaycan ərazilərini birləşdirəcək dəhlizə ekstraterritorial status verilməlidir. Ermənistanın bu prosesi dayandırmağa, sadəcə, haqqı yoxdur. Dünyada güc qanununun olduğunu millətimizə daha neçə il izah etmək mümkün olacağını deyə bilmərəm. Lakin Əliyev çox israrla öz məqsədinə doğru gedir".

"İlham Əliyev bütün məsələləri həll etməyə nail olur və Azərbaycanda yaxşı bilirlər ki, Qərb də, Avropa da, ABŞ da, təəssüf ki, Rusiya da öz maraqlarına boyun əyəcək"

Erməni analitiki vurğulayır ki, o, Ermənistanın hakimiyyətindən deyil, Azərbaycan Prezidentinin siyasətini şərh etməkdən məmnun olar: "O, rasional siyasətçi kimi davranır və hərəkətləri tamamilə başadüşüləndir. Bizi Azərbaycanı işğal edən düşmən kimi görür. İlham Əliyev bütün məsələləri həll etməyə nail olur və Azərbaycanda yaxşı bilirlər ki, Qərb də, Avropa da, ABŞ da, təəssüf ki, Rusiya da öz maraqlarına boyun əyəcək. Ermənilər isə, sadəcə, təslim olurlar. İlham Əliyevin savadı var və ermənilərin tarixini özlərindən yaxşı bilir. O bilir ki, Ermənistan beynəlxalq hüquq və normalara, müqavilə adlanan sənədlərə arxalana bilməz. İlham Əliyev daha rasionaldır, olduğu kimi danışır. Gördünüz, Avropanı, Rusiyanı, Amerikanı öz kəmərinin altına qoyub, istədiyini etdi. Təbii ki, o, eyni ruhda davam edəcək".

"Ermənistan nəhəng əyalət bataqlığıdır"

"Erməni xalqına gəlincə, beynəlxalq münasibətlərdən, təhlükəsizlikdən heç bir anlayışı olmayan korrupsioner jurnalistlər və qondarma ekspertlərin fırıldaq şərhlərini dinləmək məcburiyyətindədir. İlham Əliyev daha ağıllı və bacarıqlı rəhbərdir. O, Azərbaycanda belə şeylərin baş verməsinin qarşısını alıb”, - deyən politoloq sonda qeyd edib ki, o, Ermənistanı nəhəng əyalət bataqlığına bənzədir: "Ermənilərin sevimli janrı kofe fallarıdır. İnsanlar öz xəyallarını içdikləri qəhvələr əsasında müzakirə etməyə üstünlük verirlər. Erməni cəmiyyəti qəhvə qabının dibində ilişib qalan simvollarla idarə olunur. Budur, erməni cəmiyyətinin mahiyyəti”.

Afət Tahirqızı

Digər xəbərlər