PDF Oxu

Siyasət

  • 1 977

Azərbaycanın iqtisadi-siyasi gücünü, mövqeyini əks etdirən müsahibə TƏHLİL

Azərbaycanın iqtisadi-siyasi gücünü, mövqeyini əks etdirən müsahibə TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Saziş imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq”

Heç kəsə sirr deyil ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımına və etnik təmizləmələrə məruz qalıb. Azərbaycan 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edib və bu gün Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə olunması istiqamətində əməli fəaliyyət göstərir. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.

Və Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngin olmaqla yanaşı, həm də istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavabdır. Dövlət başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə də fikirlərini ifadə edib. Üç ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə "hə" deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi "mövqe" Ermənistan üçün yaxşı gələcək vəd etmir. Prezident İlham Əliyev müsahibələrində, mötəbər tədbirlərdə bildirib ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq.Prezident İlham Əliyev müsahibələrində, mötəbər tədbirlərdə dəfələrlə bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər.Amma işğalçı ölkə və ona havadar olanlar bilməlidirlər ki, 30 illik Qarabağ həsrətinə Qalib Lider, Ali baş Komandan, Prezident İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəmi 44 gündə son qoydu. Və Azərbaycvn Prezidenti İlham Əliyev hər zaman bildirir ki, sülhün qorunması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərmayə qoyuluşu üçün real zəmin yaratmış olacaq. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı cavablandıraraq bildirib ki…

SÜLH SAZİŞİNİN İMZALANMASINA HƏR HANSI CİDDİ MANEƏ GÖRMÜRƏM

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu barədə danışarkən deyib ki, hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil: «Həqiqətən də Ermənistanın hələ sentyabrın 11-də onlara təqdim olunmuş sülh sazişi layihəsinə iki ay yarım sonra cavab verməsi rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyindən xəbər verir. Cənab Prezident də Qarabağdakı qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amilin ardan qaldırıldığını xüsusi olaraq vurğulamaqla faktiki olaraq Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu”.

Prezident müsahibədə həmçinin Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə də aydınlıq gətirməklə bir qism dövlətlərin əsassız iddialarına da cavab vermiş oldu: «Bütün dünyaya məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır».Dövlət başçısı bununla da beynəlxaq ictimaiyyətin diqqətini Ermənistandan qovulan Azərbaycanlılar məsələsinə yönəltmiş oldu. Xüsusilə indiki mərhələdə bu məsələnin diqqətlərdə saxlanılması olduqca önəmlidir. Ermənilərin qayıdıb yaşamasının zəruriliyini deyən dövlət başçısı bildirib ki, bu məsələdə bar-bar bağıran ayrı-ayrı dairələr Ermənistandan qovulmuş Azərbaycanlıların məsələsini də öz gündəliklərinə daxil etməyə borcludurlar.

TƏKLİFDƏ ONLARIN HÜQUQLARINI DA NƏZƏRƏ ALMIŞDIQ

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Qarabağ ermənilərinə edilən təkliflərlə bağlı bildirib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir və ölkəmizdə bir çox etnik qruplar var: «Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq». Dövlət başçısı onu da söyləyib ki, Qarabağ ermənilərinin dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb və onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər: «Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik”.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq: «Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”. Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib: “Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.

Dövlət başçısı onu da bildirib ki, əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir: «Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq». Prezident İlham Əliyev, həmçinin onu da vurğulayıb ki, azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik: «Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm».

ERMƏNİSTAN NƏ BU GÜN, NƏ DƏ GƏLƏCƏKDƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ SUAL ALTINA QOYMASIN VƏ AZƏRBAYCANA QARŞI HƏR HANSI ƏRAZİ İDDİALARINDAN TAM ƏL ÇƏKSİN

Prezident İlham Əliyev “Euronews”a telekanalına verdiyi müsahibəsində qeyd edib ki, məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan verilən təkliflə razılığa gəlməkdə daha həvəsli olacaq: «Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil».Dövlət başçısı onu da vurğtulayıb ki, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik və bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq: «Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil». Dövlət başçısı bir daha vurğulayıb ki, sülh üçün alternativ yoxdur və əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq: «Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Beləliklə, əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Çünki sülhün, regionda dinc birgəyaşayışın bu şərtlərdən kənarda alternativi yoxdur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər