Ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına əsaslanaraq, Azərbaycan dünya dövlətləri, təşkilatları ilə sıx əlaqələrini davam etdirir. Əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. İqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin davamlığının təzahürüdür. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirərək, birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğulayaq, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını bildirib.Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İRİMİQYASLI ENERJİ VƏ NƏQLİYYAT LAYİHƏLƏRİNİN GERÇƏKLƏŞMƏSİNƏ ƏLVERİŞLİ İMKAN
Bildiyimiz kimi, artıq Azərbaycan və Gürcüstan arasında qurulan əlaqələr tarixən dostluq, mehriban qonşuluq əsasında qurulub. Azərbaycan müstəqillik qazandıqdan sonra qarşılıqlı inam və etimada əsaslanan əlaqələr yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış dövlətlərin birgə həyata keçirdikləri layihələr təkcə iki dövlət üçün deyil, dünya üçün əhəmiyyət kəsb edir. Cənab Prezidentin çıxışlarının birində bildirdiyi kimi, "Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır".
Əlbəttə ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.
Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir.
CƏNUBİ QAFQAZDA ƏMƏKDAŞLIĞIN VƏ TƏHLÜKƏSİZLİYİN QARANTI
Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar.
Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək yeni məzmun kəsb etməkdədir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daha da genişləndirilməsi, xalqlarımızın rifahı qurulan əməkdaşlıq möhkəm təməl üzərindədir.Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan dünyanın bu günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI