Bu il dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti Forumun “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” kimi həssas bir mövzuya həsr edilməsi xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Forum çərçivəsində nüfuzlu beyin və tədqiqat mərkəzlərini təmsil edən xarici qonaqların suallarını ənənəvi olaraq şəxsən cavablandırması ona xidmət edir ki, Azərbaycanın haqq işi və regionumuzla bağlı həqiqətlər, bəzi dairələrin səylərinə baxmayaraq, dünya ictimaiyyətinə təhrif olunmadan çatdırılsın.
Belə ki, istər 44 günlük Vətən müharibəsinin gedişində, istərsə də müharibədən sonrakı dövrdə bir daha əmin olduq ki, Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətində heç vaxt tək olmayıb. Məhz buna görə də Azərbaycanın əldə etdiyi tarixi Zəfər Ermənistanla yanaşı, onun havadarlarına da psixoloji məyusluq sindromunu yaşatmaqdadır. Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətli qərəzli qətnamələri, Fransa kimi ölkələrin hətta beynəlxalq hüququ heçə sayan bəyanat və qərarları həm də bu məyusluqdan qaynaqlanır. Təbii ki, belə mərkəzlər öz geosiyasi maraqlarını Cənubi Qafqazda arzuladıqları səviyyədə təmin edə bilmədiklərinə görə, yaşadıqları psixoloji məyusluq getdikcə daha çox dərinləşir, zaman-zaman təhdid və hədə müstəvisinə keçir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum 4 qətnaməsinin icrasını 27 il ərzində təmin etməyən və ya bunu etmək istəməyən 3 böyük dövlət uzun illər ərzində ölkəmizə yalnız onu təlqin edirdi ki, münaqişənin hərbi həlli yolu yoxdur. Əslində, keçmiş vasitəçilərin hər biri 28 il boyunca bu və ya digər səviyyədə Ermənistana havadarlıq etdilər, açıq və ya gizli şəkildə onun işğalçılıq siyasətinə dəstək verdilər. Bəs nə mane oldu ki, üç böyük dövlət işğalçı Ermənistana qarşı nəinki sanksiya tətbiq etmədi, heç buna təşəbbüs belə göstərmədi. Dövlətimizin başçısı cənab İlham Əliyev bütün bunları nəzərə alaraq, üzləşdiyimiz acı gerçəkliyi Forum iştirakçılarının diqqətinə olduğu kimi çatdırdı: “Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi... Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var”.
Azərbaycana qarşı “səlib yürüşünə” çıxan Avropanın bəzi ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar və həmin qurumlarda təmsil olunan siyasətçilər nədənsə bu gerçəkliyi görmək istəmir, əksinə, həqiqəti təhrif etməklə sülh prosesinə yalnız zərbə vururlar. Prezident İlham Əliyev beynəlxalq Forumun tribunasından istifadə edərək dünya birliyinə, dünya ictimaiyyətinə bu mesajı da verdi: “Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni, Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər”.
Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qətnamələrin müzakirəsi zamanı, təəssüf ki, belə çıxışlar əksəriyyət təşkil edir və həmin qətnamələr səs çoxluğu ilə qəbul olunur. Avropanın ən tanınmış beynəlxalq qurumlarından birində bu cür ayrı-seçkiliyi, dinlər və millətlər arasında bölücülüyü gördükdən sonra, Azərbaycan cəmiyyəti belə institutlara və onlarda təmsil olunan siyasətçilərə necə etimad göstərə və inana bilər? Hərdən elə təəssürat yaranır ki, Avropanın ayrı-ayrı siyasi mərkəzləri, onların təsiri altında olan beynəlxalq təşkilatlar ictimai etimada sanki qəsdən zərbə vurur, bölücülük siyasətini məqsədli şəkildə önə çıxarırlar. Ölkə başçısı İlham Əliyev bütün bunları nəzərə alaraq, Forum iştirakçılarına və Ermənistanı aşırı dərəcədə sevən bəzi Avropa siyasətçilərinə bu mesajı verdi: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük. Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz?”
Prezidentin qeyd etdiyi kimi, xüsusilə böyük siyasətdə dəyərlərə və reallığa deyil, ötəri hakimiyyət maraqlarına söykənən xaotik davranışlar, adətən, aqoniyadan xəbər verir. Aqoniya vəziyyətində isə sağlam məntiq işləmir, dövlətin və millətin maraqları arxa plana keçir, hətta suverenlik və müstəqillik kimi dəyərlərin də ciddi təhdidlərlə üzləşməsinə zəmin yaranır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini