Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara əsaslanır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Müşahidə etdiyimiz müsbət inkişaf tendensiyalar, əldə olunan nəticələr bunu bir daha deməyə əsas verir.
Müasir Azərbaycan özünün yeni bir inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir: "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik… Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub", - deyə Prezident çıxışlarının birində bildirmişdir.
KÖÇ KARVANLARI MƏNZİL BAŞINA YOL ALIR
Prezident İlham Əliyevin söylədiyi fikri vurğulamaq yerinə düşər: "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər". Artıq neçə müddətdir ki, həsrətlə gözlədiyimiz o xoşbəxt, möhtəşəm günlərə şahidlik etdik. Ard-arda köç karvanları mənzil başına yol alır. Nə yaxşı ki, bu günü görmək bizlərə nəsib oldu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi və ardıcıllıqla həyata keçirilir.
Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyur.
KEÇMİŞ KÖÇKÜNLƏR ƏZƏLİ TORPAQLARINDA
İşğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq". Bəli, şəhər və kəndlərimizə yeni bir həyat gəlib. Tarixi mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Azərbaycan qısa bir zamanda keçmiş köçkünlərini öz əzəli torpaqlarında rahat şəraitlə təmin etməkdə davamlı tədbirlərə imza atır. Zəngilan rayonu Ağalı kəndində yaşanılan canlı həyatdan sonra əzəli sakinləri sorağı digər ərazilərdən eşidilir. Tərtərin Talış kəndindən, daha sonra Laçından, Füzulidən əzəli sakinlərin sevinc səsləri gəlir. Vaxtı ilə qovhaqovla əzəli torpqların göz yaşları içində tərk edənlər bu gün sevinc payını bu torpaqlarda bölüşürlər. Haqq, ədalət bərpa olunub. Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir.
Üç il bundan əvvəl Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli geniş abadlıq-quruculuq meydanına çevrilib. Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından soraqdır. Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməli dövlət başçımız tərəfindən qoyuldu. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
2 MİNƏ YAXIN FÜZULİLİ DOĞMA YURDDA
Füzuli şəhərində dövlət başçısı tərəfindən inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
Xatırladaq ki, ilk köç karvanı ilə Füzuliyə 23 ailə doğma şəhərinə qayıtdı. Bu davamlı olaraq həyata keçirildi. Dövlət başçımızın bildirdiyi kimi, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu.
Bəli, karvanlar bizi əzəli torpaqlarımıza aparır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün, yəni dekabrın 13-də növbəti köç karvanı ilə Füzuliyə çatan ailələr böyük bir sevinc yaşayacaqlar. Qəribsəmiş yyerlər sakinlərinə qucaq açır. Bildiyimiz kimi, bu günə qədər Füzuli şəhərində 333 ailə olmaqla, 1186 nəfərin daimi məskunlaşması təmin edilib.
Keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıdırlar. Füzuli şəhərinin sakinləri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Zümrüd BAYRAMOVA