12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu unikal şəxsiyyətin ruhuna dualar oxuyur. Samux rayonunda da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il keçir. Ölkəmizin hər yerində olduğu kimi Samux rayonunda da dahi liderin xatirəsi yad edilir, silsilə tədbirlər keçirilir, onun xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.
Dekabrın 12-də Samux rayonunda Anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri Ümummilli Liderin adını daşıyan parkda onun abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.