Cəmiyyətdə mövqeyi, elmi-ictimai fəallığı ilə seçilən insanların ömür yoluna salınan naxışlar onların tərcümeyi-halına zəngin izlər həkk edir. Ləyaqətli ömrün müəllifi olmaq, ziyalı işığı ilə xeyirxah əməllərə sahib olmaq bir ömür dastanına çevrilir. Zamanın yetişdirdiyi yüksək intelektli, istedadlı insanlar qarşıya qoyduqları nəcib amallara çatmaq məqsədi ilə daim mübariz ruhlu olaraq zəkası, ağlı ilə öz portret cizgilərini yaradırlar. Azərbaycan elminin, tarixinin, mədəniyyətinin dünyada tanınmasına töhfələrini verən, elmi nailiyyətləri ilə uğurlara imza atan ziyalılar zamanımızın seçilən və həmişə ehtirama layiq olan ziyalılarıdırlar. Bu ziyalılar neçə illik ömürlərini elm fədasi olaraq işıqlı gələcəyimiz naminə elm xəzinəmizin zənginəşməsinə həsr edən insanlardır. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın gələcəyə hesablanan uğurlu layihələri, ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər, bir sözlə, elmin inkişafına həsr olunan ömrün məhz, elmimizin inkişafında özünəməxsus yeri var. Bu fədakar əmək öz layiqli qiymətini və dəyərini alır.
Nərgiz xanım müsahibələrini birində belə deyir: "Mən 1983-cü ildən - ali məktəbi bitirdiyim ildən işləyirəm. Filologiya fakültəsini qırmızı diplomla bitirmişəm. Məni Universitetdə dərs demək üçün saxladılar. Əvvəl assisent, sonra müəllim, daha sonra baş müəllim oldum. 26 yaşında mən artıq elmlər namizədi idim. Daha sonra dosent, kafedranın professoru, prorektor nəhayət, rektor oldum. Amma işləmək, iki körpə uşaqla mühazirə oxumaq asan deyildi. Çox yorulurdum". Belə başlanan ömür yolunun elmi fəaliyyəti zaman ötdükcə öz bəhrəsini verməyə başlayır.
"MƏDƏNİYYƏT HƏMİŞƏ YÜKSƏK ESTETİK ZÖVQDÜR"
N.Paşayeva hesab edir ki, təhsil insanın xarici görkəminə, simasına da nufuz edir: "İnsan nə qədər mədənidirsə, bu onun xarici görkəmində də özünü göstərir. Forma gözəlliyi məzmun gözəlliyidir. Məzmun nə qədər gözəldirsə, forma o qədər mükəmməldir. Mədəniyyət həmişə yüksək estetik zövqdur". Beləcə, ömrünü elmə bağlayır və əldə olunan uğurların gördükcə bu onu daha özünə cəlb edir və xəzinədən bəhrələnməyin nə qədər faydalı olduğunu dərk edir. Əlbəttə ki, Nərgiz xanımı bir şəxsiyyət və elm fədaisi olaraq şöhrət tapması ailədən gələn dəyərlərin, bu şəcərənin ruhu ilə sıx bağlıdır. Mir Cəlal Paşayevin ədəbi irsi, oradan aşılanan dəyərlər Nərgiz xanımın formalaşmasından yan ötməmişdir. Nərgiz xanım ədəbi-elmi şöhrəti bu şəcərədən qaynaqlanıb. Əlbəttə ki, elmi nailiyyətləri və elm fəadaisi kimi yola çıxmaq, elm axtarışlar aparmaq doğulub boya-başa çatdığı ailənin ənənələrindən qaynaqlanıb. Atası akademik Arif Paşayevin, anası professor Aida İmanquliyevanın elmə xidmət ənənəsini Nərgiz xanım uğurla davam etdirərək, biri-birini əvəzləyən elmi uğurlarına imza atır. Ədəbiyyatşünas-alim, təhsil qurucusu - müəllim, beynəlxalq səviyyəli ictimai xadim... Daim axtarış və nailiyyətlər.
FƏDAKAR ƏMƏYİN VƏ ELMİN NAİLİYYƏTLƏRİ
N.Paşayevanın "Əgər hər hansı bir epoxaya qayıtmaq imkanınız olsaydı hansını seçərdiniz" sualına cavabı maraqlı olub: "Mən 300-500 il əvvələ düşmək istərdim. Orada hər şeyə baxmaq maraqlı olardı. Xüsusən, hansı incəsənət növlərinin yarandığına baxmağa. Maraqlı olardı ki, gələcək insanın bədii düşüncələri, təfəkkürü hansı metodlar və imkanlar hesabına ifadə olunacaq. Amma bir şeyə şübhə etmirəm: İnsanlar öz əvvəlki mahiyyətində qalacaqlar". Demək, ziyalı bir insanda öyrənmək keçmiş, bu gün və gələcəklə bağlı düşüncələr fövqündə idrakın gücünü görmək maraq doğurur.
Nərgiz Paşayeva maraqlı və zəngin bir tərcümeyi-halın müəllifidir. 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olan Nərgiz xanım 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olaraq, 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə edib. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994–2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb.
2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib.
11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb. 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunub. 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir. 2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 8 iyun 2018-ci ildə isə AMEA-nın vitse-prezidenti seçilmişdir. 27 fevral 2019-cu ildə Nərgiz Paşayeva akademik V. Sadovniçinin təqdimatına əsasən, Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.
Fədakar əməyinin və elmi nailiyyətlərin nəticəsi olaraq 18 noyabr 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə "Dostluqda göstərdiyi xidmətlərə görə" nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə, Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə professor Nərgiz Paşayeva 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı ilə - "Xidmətlərə görə" Komandor xaç ordeni ilə təltif edilib. Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli "Akademik Palma" fransız ordeni ilə təltif olunmuşdur. Bu yüksək mükafatı Fransanın Azərbaycandakı səfiri Paskal Monye təqdim edib.
19 aprel 2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür.
Belə ki, bir çox mükafatların daşıyıcısı Nərgiz xanım Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə də təltif edilib.
DÜNYANIN ALİ MƏKTƏBLƏRİ ÜÇÜN ÖRNƏK
Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin və onun Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi və müstəqil Azərbaycanın dünya miqyasında tanıdılmasına xidmət edən möhtəşəm, fundamental, tarixi həqiqətlərə söykənən işlər, sözün həqiqi mənasında, tarixi hadisələrdir. Nərgiz xanım Paşayeva çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qərb dünyasının ən nüfuzlu bu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq, əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər".
Bütün bunlarla yanaşı, o, bir sıra kitab və monoqrafiyaların müəllifidir. "İnsan bədii tədqiq obyekti kimi (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)", "Antik ədəbiyyat tarixi", "Qədim Roma ədəbiyyatı", "Dünya deyilən sənmişsən", "Ədəbiyyatda lirik növ" "Şərq və Qərb: ümumbəşəri ideala doğru: fəlsəfi etüdlər" və s. müəllifidir.
Onun nailiyyət və uğurları olduqca zəngindir. Onun həyat yolunu səhifələdikcə bu ömrün zəngin irsində fədakar bir elm xadimlərinin nailiyyətləri ilə tanış olursan.
Zümrüd BAYRAMOVA