Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Balkan yarımadası ölkələri ilə həm ikitərəfli formatda, həm dəbeynəlxalq təşkilatlar daxilində münasibətləri sürətlə inkişaf etməkdədir. Qeyd olunmalıdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə cənab Prezident İlham Əliyevin şəxsi münasibətləri zəminində formalaşır. O cümlədən möhtərəm dövlət başçımızın Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə, eləcə də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə dostluq münasibətləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətli inkişafında önəmli amil kimi çıxış edir. Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində keçirilmiş Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanı həm Serbiya, həm də Bolqarıstanla strateji tərəfdaşlıq Sazişi bağlayır. Hər üç ölkənin dövlət başçılarının etdikləri rəsmi səfərlərin intensivliyi münasibətlərin dinamik olduğunu, dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğunu göstərir. Yeni istifadəyə verilmiş Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru isə, ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirən mühüm iqtisadi amil kimi çıxış edəcək.
İnterkonnektorun fəaliyyəti bu ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir. Eyni zamanda da bu layihə sayəsində Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənəcək. Öz çıxışında cənab Prezident İlham Əliyev hazırda Azərbaycan qazının doqquz ölkəyə ixrac edildiyini və bunlardan yeddisinin Avropa ölkəsi olduğunu qeyd etdi. Lakin Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfələrini gələcəkdə daha da artıracaq. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu bu gün effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Ümumiyyətlə Azərbaycanın enerji strategiyası hazırda uğurla icra edilir və möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin irəli sürdüyü və icra etdiyi layihələr Avrasiyanın enerji xəritəsinin yenidən tərtib edilməsinə səbəb olmuşdur.
Həmçinin dövlətimizin başçısı Azərbaycanın qarşısında duran əsas hədəfin bərpaolunan enerji növləri ilə bağlı olduğunu və artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırdı. Xüsusi olaraq cənab Prezident İlham Əliyev Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin bir neçə gün bundan əvvəl Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdiklərini və bunun dostluğumuzun bariz nümunəsi olduğunu vurğuladı. Azərbaycanın zəngin neft və qaz resursları olmasına rəğmən, ölkəmiz öz gələcəyini təmiz yaşıl enerjinin istehsalında və ixracında görür. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Yaxın gələcəkdə baş tutacaq yaşıl enerjinin Avropaya ixracı Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək.
Bütün bunlar bir daha sübut edir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın enerji strategiyası ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən ən effektiv və önəmli amillərdən biridir.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.