Köç karvanları mənzillərə yol alır. Neçə-neçə insanın köç yolunun başına çıxanda ürəyi döyünür. Yüklənmiş köç maşınları ellər, obalar ötərək qalın meşələri, dağları keçərək mənzillərə tələsir. Bulaqlara, dağlara qəribsəmiş əzəli sakinlər bu yerləri səcdəyə gəlir. Vaxtilə buradan çıxan insanlar pərişan halda, göz yaşı, od-alov içində dədə-baba ocaqlarını tərk etmişdilərsə, bu gün qürurlu bir şəkildə doğma yurda köç edirlər. İllər dolandı və ədalət bərpa olundu. Bu yerlər günəş sanki yenidən doğdu. Daha bir köç karanını yola saldıq. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürüldü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Xatırladaq ki, indiyədək Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqları yerlərə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.
İllər öncə yurd-yuvasından didərgin düşənlər bu gün sönmüş çiraqlarını yandırıb, yeni həyata başlayırlar. Bu həyat acı keçmişi arxada qoyub xoşbəxt bir dünyaya səsləyir insanları. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılamağa davam edir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
31 İLDƏN SONRA LAÇININ MƏNZƏRƏSİ
Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər əzəli yurdda rahat nəfəs alırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdülər. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Əlbəttə ki, Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsidir. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib.31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olurlar.Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar.
ZABUX KƏNDİNDƏ BİR ƏSRƏ YAXIN YAŞI OLAN MƏKTƏB FƏALİYYƏTƏ BAŞLAYIB
Artıq Laçın yenidən qurulur. Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Görülən və görüləcək işlər böyük quruculuq, abadlıq işləridir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir.
Həyatın yenidən canlandığı Laçın rayon Zabux kəndinin bir əsrə yaxın yaşı olan məktəbi yeni binada fəaliyyətə başlayıb. Kənddə 31 ildən sonra ilk dəfə məktəb zənginin sədaları ətrafa yayılıb.
Zabux kəndində şəhid Ədalət Məmmədov adına kənd tam orta məktəbin fəaliyyətə başlaması əlamətdar hadisədir. Kənddə məktəb ilk dəfə 1926-cı ildə fəaliyyətə başlayıb, həmin məktəbin şagirdləri müxtəlif peşə və sənət sahibləri olublar. Lakin 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalı zamanı kənd tamamilə dağıdılıb, məktəb binası da yerlə-yeksan edilib. İki mərtəbədən ibarət olan məktəb 176 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxana, həyətdə isə idman meydançası var. Məktəbin dayanıqlı istilik və elektriklə təchizatı üçün qazanxana və transformator quraşdırılıb, su təminatı üçün anbar inşa olunub. Hazırda məktəb 40 şagird və 17 müəllimlə tədrisə başlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.
Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.
Zümrüd BAYRAMOVA