PDF Oxu

Siyasət

  • 1 619

Hər bir mesaj ölkəmizin ədalət və beynəlxalq hüququn yanında olmasından xəbər verir ŞƏRH

Hər bir mesaj ölkəmizin ədalət və beynəlxalq hüququn yanında olmasından xəbər verir ŞƏRH

Bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Ali Baş Komandanımızın söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Belə olan halda bu gün ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. Və qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır. Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı səslənmiş olan fikirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Sözsüz ki, bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, dövlətimizin Başçısının fikirlərinə mühüm önəm verməsi, Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir. Eyni zamanda, dövlət başçımızın “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngin olmaqla yanaşı, həm də istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavabdır.

Dövlət başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edərək bildirib ki, üç ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Dövlət başçısı bildirib ki, hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil: «Həqiqətən də Ermənistanın hələ sentyabrın 11-də onlara təqdim olunmuş sülh sazişi layihəsinə iki ay yarım sonra cavab verməsi rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyindən xəbər verir. Cənab Prezident də Qarabağdakı qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amilin ardan qaldırıldığını xüsusi olaraq vurğulamaqla faktiki olaraq Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu”.

Prezident müsahibədə, həmçinin Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə də aydınlıq gətirməklə bir qism dövlətlərin əsassız iddialarına da cavab vermiş oldu: «Bütün dünyaya məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır».

Dövlət başçısı bununla da beynəlxaq ictimaiyyətin diqqətini Ermənistandan qovulan Azərbaycanlılar məsələsinə yönəltmiş oldu. Xüsusilə, indiki mərhələdə bu məsələnin diqqətlərdə saxlanılması olduqca önəmlidir. Ermənilərin qayıdıb yaşamasının zəruriliyini deyən dö.vlət başçısı bildirib ki, bu məsələdə bar-bar bağıran ayrı-ayrı dairələr Ermənistandan qovulmuş Azərbaycanlıların məsələsini də öz gündəliklərinə daxil etməyə borcludurlar. Prezident İlham Əliyev, həmçinin onu da vurğulayıb ki, zərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik: «Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm».

Bir sözlə, bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik. Beləliklə, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər