Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyada işgüzar səfəri zamanı Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub mühüm mesajlar verərək Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyini bildirib. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri Serbiya-Azərbaycan dövlət əlaqələrinin yüksək səviyyədə inkişafına xidmət edir.Cənab Prezident çıxışında Azərbaycan-Serbiya və Azərbaycan-Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamələrin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycanın 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycan təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.2021-ci ildə Azərbaycanın Avropa məkanına təbii qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.Qarşıda duran genişmiqyaslı planlardan bəhs edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir, irəli sürülmüş və icra edilmiş layihələr Avropanın, Asiyanın, Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Qeyd etmək lazımdır ki, ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan öncə başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox, cari ildə isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan-Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir.Eyni zamanda qeyd etmək lazımdır ki, Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək növbəti COP29 konfransının Azərbaycanda keçirilməsinə dəstək verməsi də dövlətlərarası dostluğumuzun bariz nümunəsinin göstəricisidir.
Rauf Əliyev
Milli Məclisin deputatı