Son dövrlərdə davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranı yaratmış, Rusiyadan enerji baxımından böyük asılılıq yaşayan Balkan ölkələrindəki mövcud enerji böhranı daha da dərinləşmişdir. Bu kontekstdə davam edən müharibə Azərbaycanın üzünə yeni qapıları aralamışdır. Balkan ölkələri Azərbaycan qazının Avropaya nəqli üçün olduqca mühüm bir dəhlizdir. Bu baxımdan bu ölkələrin enerji təhlükəsizliyi risklərini minimuma endirmək Azərbaycanın qarşısında prioritet məsələlərdən biridir.
Bu çərçivədə atılan mühüm addımlardan biri 25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya dövlətlərinin müvafiq qurumları ilə anlaşma memorandumunun imzalanması olmuşdur. Bu addımla Azərbaycanın bu ölkələrə enerji ixracını artırmaq hədəflənib. Digər tərəfdən, 2023-cü ilin avqustunda Macarıstan və Azərbaycan arasında bağlanmış ayrıca sazişlə Macarıstan Azərbaycandan 1 milyard kubmetr qaz tədarük edəcəyini bəyan etmişdir.
Bu hadisələr gedişatında Azərbaycan Serbiya ilə enerji təchizatı ilə bağlı danışıqlara başlamışdır ki, nəticədə 2022-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanmışdır.
Müqavilənin davamı kimi 2023-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmək üçün Serbiyanın Niş şəhərinə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüş keçirilmiş, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilmişdir.
Sözü gedən İnterkonnektor ildə 1,8 milyard kubmetr təbii qaz ötürmə qabiliyyətinə malik 170 kilometrlik boru kəməri iki ölkənin milli təbii qaz sistemlərini birləşdirir. İkitərəfli imzalanan müqaviləyə əsasən Azərbaycan Serbiyanı 2026-cı ilədək hər il 400 mln. kubmetr qazla təmin etməsi nəzərdə tutulur. 2027-ci ildən etibarən isə bu göstəricinin 3 dəfə artırılacağı gözlənilir.
İnterkonnektorun fəaliyyətə başlaması ilə Balkan ölkələri üçün yeni əməkdaşlıqların qapısı açılacaq. Bu əməkdaşlıq Mərkəzi Avropa ölkələrinə qaz nəqlində Serbiyanın “tranzit ölkə” mövqeyini daha da gücləndirəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə çıxışında, Avropadakı təbii qaz bazarının şaxələndirilməsində Azərbaycanın yeni tərəfdaş olduğunu bildirmişdir.
Azərbaycan və Serbiya strateji tərəfdaşlıq çərçivəsində enerji sektoru ilə yanaşı, hərbi sənaye, yüksək texnologiyalar və üçüncü bazarlar üçün birgə istehsal kimi əməkdaşlığın təkmilləşdirildiyi çoxsaylı digər sahələrdə birgə işlər görür.
Bu gün iki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. İki ölkə arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq iqtisadi münasibətlərin inkişafında da özünü göstərir.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini