Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin iqtisadi potensialını və nüfuzunu düzgün qiymətləndirən aparəcı dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Serbiya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuşdur. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələr daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycanın Avropanın enerji təchizatının əsas təminatçılarından birinə çevrilməsi bir daha sübut edir ki, ölkəmiz bütövlükdə dünyanın iqtisadi məkanında önəmli yerlərdən birini tutur. Bu baxımdan, Serbiya-Bolqarısan Qaz İnterkonnektoru layihəsinin həyata keçirilməsi mühüm məqamlardan biridir.
Bir neçə gün öncə dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətinin Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, gələcək planların həyata keçirilməsi üçün enerji resurslarının mövcudluğu və şaxələndirilmiş təchizat şəbəkəsinin qurulması labüddür.
Azərbaycanı Bolqarıstanla strateji tərəfdaşlıq Sazişi bağladığını vurğulayan Prezident İlham Əliyev edilən qarşılıqlı səfərlərin münasibətlərimizin çox dinamik olduğunu, dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğu bildirib.
Azərbaycanın Serbiya və Bolqarıstanla əlaqələrinin inkişafına, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək bu mərasimin dostluq və strateji tərəfdaşlıq mərasimi olduğunu qeyd edən Prezident cənab İlham Əliyev Azərbaycanın qaz ixracı coğrafiyasının daha da genişləndiyini bildirib, Serbiyada daxil olmaqla təbii qazımızın doqquz ölkəyə ixrac edildiyini söyləyib. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.
2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracının 8 milyard kubmetrdən bir qədər çox olması, bu il bu rəqəmin təxminən 12 milyard kubmetrə çatması və bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etməsi onu göstərir ki, Azərbaycan qoyduğu hədəfə doğru inamla gedir.
Azərbaycanın uğurla icra edilən enerji strategiyasından danışan ölkəmizin başçısı bildirib ki, tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Azərbaycan Bolqarıstana qaz təchizatını iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə qaz təchizi 270 milyon kubmetr idisə, 2022-ci ildə 500 milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
Sözün əsl mənasında etibarlı tərəfdaş olan, dostluq ənənələrinə həmişə sadiq qalan Azərbaycan bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri