PDF Oxu

Siyasət

  • 4 581

Andrey Kortunov: Regiondakı problemləri yalnız 3+3 formatında region ölkələri həll edə bilər - MÜSAHİBƏ

Andrey Kortunov: Regiondakı problemləri yalnız 3+3 formatında region ölkələri həll edə bilər - MÜSAHİBƏ

“Qərbin Bakının tərəfində deyil, İrəvanın tərəfində oynayaraq qərəzli, balanssız mövqe tutması onun vasitəçiliyinə imkan vermir”

Rusiya Beynəlxalq Münasibətlər Şurasının elmi direktoru, Rusiya-Azərbaycan Ekspert Şurasının mərkəzi şəxslərindən biri Andrey Kortunov “Moskva-Baku” portalına müsahibəsində Şuranın Cənubi Qafqazda mövcud post-konflikt vəziyyətini necə gördüyü barədə danışıb. Müsahibəni oxucularımza təqdim edirik.

- Andrey Vadimoviç, bu yaxınlarda Moskvada keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 4-cü iclasının mövzusu “Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf kontekstində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət” olub. Deyə bilərik ki, ekspert şurasının Rusiya tərəfi bununla da Azərbaycanla Ermənistan arasında münaqişənin bitdiyini bəyan edir...

- Fikrimcə, münaqişənin tam başa çatması barədə obyektiv danışmaq yəqin ki, tezdir, çünki hələ də həll olunmamış məsələlər var və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını, sərhədlərin delimitasiyası və demarkasiyasını gözləmək lazımdır. Sərhəd, hərbi əsirlərin son mübadiləsi, mina sahələrinin xəritələrinin köçürülməsi və bir çox başqa suallar açıq qalıb.

Amma ümumilikdə regionda yeni reallıqdan danışmaq olar. Biz həm Bakı, həm də İrəvanla münasibətlərdə bu yeni reallıqdan çıxış etməliyik.

- Kreml isə bu yeni reallığı müəyyən qədər bəyan etdi, erməni tərəfinin özünün bu yolla seçimini etdiyini bildirdi. Vladimir Putin böyük mətbuat konfransında bu barədə bir daha danışıb.

- Əslində, burada bəzi qeyd-şərtlər lazımdır. “Erməni tərəfi” haqqında danışanda bu tərif təkcə indiki Ermənistan hakimiyyəti ilə məhdudlaşmır. Bu gün Ermənistanda mürəkkəb, çoxistiqamətli cəmiyyət mövcuddur ki, orada Zaqafqaziyadakı vəziyyətə fərqli baxışlar mövcuddur. Amma Ermənistanın indiki hakimiyyətinin hansı istiqamətdə hərəkət etdiyi tamamilə göz qabağındadır. Və bu, Moskvada qərar qəbul edənlərin nəzərə almalı olduğu reallıqdır.

- Bir tərəfdən, münasibətlərin yekun tənzimlənməsindən sonra həqiqətən də Azərbaycan və Ermənistan qarşısında regionun inkişafı üçün yeni imkanlar açıldı. Digər tərəfdən, çoxlu ağırlaşdırıcı hallar yaranıb- bu, ilk növbədə, Qərbin Ermənistandan öz geosiyasi məqsədləri üçün istifadə etmək cəhdləri nəticəsində Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsidir. Və Qarabağ məsələsindən istifadə etmək cəhdləri.

- Təəssüf ki, həqiqətən də iddia etmək olar ki, Cənubi Qafqaz regionunda vəziyyət bir çox cəhətdən daha geniş geosiyasi üfüqdə baş verən proseslərin girovundadır. Rusiya ilə Qərb arasındakı münaqişə çox vaxt Transqafqazın təhlükəsizliyi və inkişafı məsələlərinə yönəldilir. Ümid etmək istərdim ki, bu müddət uzanmayacaq və nəticədə hələ də razılığa gəlmək mümkün olacaq.

Rusiya bu vəziyyətdə 3+3 formatına (3 Zaqafqaziya dövləti - Azərbaycan, Ermənistan, Gürcüstan və onların 3 böyük qonşusu Rusiya, Türkiyə, İran) diqqətini davam etdirəcək, bu da Cənubi Qafqazdakı məsələlərin region ölkələri ilə birgə həlli deməkdir. Kənar oyunçular müəyyən rol oynaya bilər, lakin istənilən halda bu rol həlledici olmayacaq.

- Amma Gürcüstan hələ də bu formatda qarşılıqlı fəaliyyətdən imtina edir...

- Bu da qarşılıqlı əlaqəni çətinləşdirir. Gürcüstansız bu format bir çox cəhətdən məhdud dəyərə malik olacaq. Lakin bu məsələ ilə bağlı Gürcüstanla əlaqə saxlamaq lazımdır, məsələnin həlli formatda iştirakçıların fəallığından çox asılıdır. Ümid etmək istərdim ki, Tiflis sonda belə bir regiondaxili dialoqun fəal iştirakçısına çevriləcək.

- Biz görürük ki, son vaxtlar Qərbdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı Rusiya və Azərbaycanı tez-tez tənqid edirlər...

- ABŞ-da müəyyən bir ideologiya var ki, müasir dünya liberal demokratiya ilə qeyri-liberal avtokratiyaların qarşıdurmasıdır. Biz bu hekayəni Cozef Bayden administrasiyasının ritorikasında görürük. Guya ki, həm Moskva, həm də Bakı öz məntiqi ilə tarixin yanlış tərəfindədir. Ermənistan isə bu gün düzgün yoldadır.

Amma eyni zamanda, Qərbin Azərbaycanla bağlı tənqidlərini də ciddi qəbul etmək olmaz. Çünki bütün dediklərimə baxmayaraq, Qərbin, xüsusilə də Avropa İttifaqının Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirmək marağı hələ də var. Və bu maraq, müəyyən mənada Qərbi Bakı haqqında indi Vaşinqtondan eşitdiyimiz, “ağ-qara” kimi görünən və çox sərt ifadələri müəyyən mənada düzəltməyə məcbur edir.

Bir faktı da nəzərə almalıyıq ki, bir çox Qərb ölkələrində, o cümlədən ABŞ və bəzi Aİ ölkələrində erməni diasporunun nüfuzu var. Onların regionda baş verən hadisələrə öz baxışları var. Onların hansı mövqe tutduqlarını təxmin etmək asandır. Və siyasətçilər də bunu nəzərə almağa məcburdurlar. ABŞ və ya Fransa qanunverici orqanında zaman-zaman ortaya çıxan təşəbbüsləri müşahidə etdikdə bunu görürük.

- Sizcə, Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri olanda Rusiya və Azərbaycan situasiyanın öhdəsindən necə gələcək?

- Məncə, Zaqafqaziya bu gün xarici oyunçular üçün açıq regiondur. Qərb də orada olacaq. Amma buna baxmayaraq, onu da başa düşməliyik ki, Ermənistan və Gürcüstandan danışsaq, Qərbin bu ölkələrə verə biləcəyi ciddi təklifləri yoxdur. Onlar Qərbin diqqət mərkəzində deyil, daha çox periferiyadadırlar. Ona görə də regionda Qərb üçün çox böyük, əhəmiyyətli layihələrin həyata keçirilə biləcəyini gözləyən siyasətçilər, məncə, böyük ehtimalla məyus olacaqlar.

İrəvan üçün Qərbdən hansısa maliyyələşmə, bir növ siyasi, maliyyə dəstəyi davam edəcək. Xüsusən də erməni diasporundan pul axını davam edəcək.

Amma ciddi geosiyasi dəyişikliklərdən, Ermənistanın KTMT-dən çıxması, Avropa Birliyinə üzv olması və ya NATO-ya üzv olmaq üçün namizəd statusu alması ehtimalından danışırıqsa, bu, yaxın gələcəkdə baş verməyəcək. Mənə elə gəlir ki, həm Paşinyan, həm də ümumilikdə erməni siyasətçiləri real vəziyyətdən çıxış etməlidirlər. Amma reallıq ondan ibarətdir ki, Qərb üçün Cənubi Qafqazın bütün əhəmiyyətinə baxmayaraq, bu region cari xarici siyasətin və ya xarici iqtisadi prioritetlərin mərkəzi deyil.

- Ermənistanın Qərblə əməkdaşlığa doğru artan addımları Cənubi Qafqazda təhlükəsizliyə və sülhə təhdiddirmi?

- Nəzəri olaraq- əlbəttə! İrəvanın siyasətinin ümumi vektorunda dəyişikliklər əlavə qeyri-sabitlik amilləri və regionun təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Amma hesab edirəm ki, Brüsseldən və ayrı-ayrı Qərb ölkələrindən eşitdiyimiz ritorik deklarativ bəyanatlara qarşı sakit olmalıyıq. Aydındır ki, bir çox Qərb siyasətçiləri məsələni elə təqdim etmək istərdilər ki, Ermənistan indi öz tarixi seçimini edir, lakin tarix göstərir ki, praktikada belə bir seçim etmək o qədər də asan deyil. Ermənistan isə Avropa İttifaqı məkanında deyil, Avrasiya məkanında çox ciddi marağı saxlayır.

Fikrimcə, Ermənistan yaxın gələcəkdə KTMT-dən çıxmayacaq, baxmayaraq ki, təbii ki, strukturdan narazılığını bəyan etməkdə davam edəcək və biz yenə də çoxlu tənqidlər eşidəcəyik. Çıxarma Ermənistanın hazırkı rəhbərliyinin hazır olmadığı Moskva ilə İrəvan arasında münasibətlərin əsaslarına çox ciddi yenidən baxılmasına gətirib çıxaracaq.

- İrəvan rəsmi Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir, lakin buna eyham vurur ki, yalnız Qərbin zəmanəti ilə.

- Burada sual ondan ibarətdir ki, son nəticədə Ermənistanın təhlükəsizliyinə hansı qüvvə zəmanət verəcək və Qərb bu təhlükəsizliyi təmin etməyə hazırdırmı? Mən buna çox da əmin deyiləm, onların nə resursu, nə də imkanı var. Bəli, Avropa İttifaqının sülhməramlı kimi çıxış etməsi yəqin ki, çox cəlbedici olardı. Amma bu, regionda təhlükəsizliyə kimin cavabdeh ola biləcəyi sualını aradan qaldırmır. Yalnız Aİ-nin hərbi-siyasi təşkilat olmadığını əsas götürsək, mən burada Avropa İttifaqı üçün real ciddi rol görmürəm.

Cənubi Qafqaz regionunda təhlükəsizlik xarici oyunçular deyil, ilk növbədə regional oyunçular arasında qarşılıqlı fəaliyyətin nəticəsi olmalıdır. Ona görə də çətin ki, Bakı ilə İrəvan arasında ikitərəfli dialoqu burada kimsə əvəz edə bilsin.

- Sizcə, Azərbaycanın Qərb vasitəçiliyinə münasibəti necədir?

- Azərbaycanda Qərbin Bakının tərəfində deyil, daha çox İrəvanın tərəfində oynayaraq qərəzli, balanssız mövqe tutması ilə bağlı qorxular var.

Siyasət mümkün olanın sənətidir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan son nəticədə kompromis yanaşma nümayiş etdirməlidir. Və nəticə verərsə, çox gözəl olacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər