PREZİDENT İLHAM ƏLİYEV: «Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi»
Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən bu mesajı ünvanladı ki, nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar.
Bəli, tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.
«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır». Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır». Və sözsüz ki…
“DOMOKL QILINCI” KİMİ BAŞIMIZIN ÜSTÜNÜ KƏSDİRƏN QARABAĞ PROBLEMİNİN BİRDƏFƏLİK HƏLLİ, ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SUVERENLİYİNİN TƏMİN OLUNMASI AZƏRBAYCAN LİDERİNİN 20 İLLİK FƏALİYYƏTİNİN ƏN MÜHÜM NAİLİYYƏTİDİR
Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Son ötən 20 illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciət edərək bildirmişdir ki, bu gün Silahlı qüvvələrimizlə fəxr edirik: «Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik».
Ali Baş Komandan İlham Əliyev müraciətində onu da bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: «Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir».
Bəli, sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu - güclü dövlət” strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Budur, sözü imzası qədər dəyərli olan Lider. Və Ermənistanın alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!: «Heç kim bizi dayandıra bilməz!. Yüz minlik ordunu kim dayandıra bilər?... Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!». Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil.
PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ 76 MİN 349 HƏRBİ QULLUQÇU MÜXTƏLİF ORDEN VƏ MEDALLARLA TƏLTİF EDİLİB
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Dövlətimizin başçısının imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər. Azərbaycan Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.
Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Qalib Sərkərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi və bu zəfərlə yürütdüyü 20 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və bu uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Bəli, bu Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək. Və nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.
«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın».
RƏFİQƏ KAMALQIZI