PDF Oxu

Siyasət

  • 3 390

Bakı yenidən dünyanın mərkəzi olacaq TƏHLİL

Bakı yenidən dünyanın mərkəzi olacaq TƏHLİL

Prezident İlham Əliyev: "Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır"

Azərbaycanın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.

"APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ"

Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. "Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı." Bu fikirləri dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirdə dövlət başçımız bildirib.
Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

"BU QƏRAR ANTİTERROR ƏMƏLİYYATINDAN İKİ AY YARIM SONRA QƏBUL OLUNMUŞDUR"

Cari ilin sentyabrında rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu. "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Düzdür, antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir", – deyə Prezident çıxışında diqqətə çatdırıb.

"İRİMİQYASLI BEYNƏLXALQ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ TƏBİİ Kİ, ÜZƏRİMİZƏ BÖYÜK MƏSULİYYƏT QOYUR"

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışında bildirdiyi kimi, beynəlxalq birlik 30-40 ölkə deyil: "Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik".

"COP29 BU VAXTA QƏDƏR KEÇİRİLMİŞ TƏDBİRLƏRLƏ MÜQAYİSƏYƏ GƏLMİR"

Bildiyimiz kimi, bu yaxınlarda paytaxt Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi növbəti uğurumuz kimi xarakterizə olundu. Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işləri görülmüşdü. Bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədə idi, hətta bəzi göstəricilərə görə onlardan da üstün idi. Qeyd edək ki, altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Hələ Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. "Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq", – deyə Prezident müşavirədəki çıxışında qeyd edib.

İQLİM DƏYİŞMƏLƏRİNİN QARŞISININ ALINMASI İSTİQAMƏTİNDƏ BİRGƏ ÇAĞIRIŞLAR

Vurğulayaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Bildiymiz kimi, COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də belə bir tədbirin keçirilməsində ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.
Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər