“Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatına uyğun olaraq humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməsi etimad quruculuğu prosesində mühüm addımdır. Tərəflərin də bəyan etdiyi kimi bu prosesin razılığa müvafiq şəkildə başa çatması, bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Deputat sözlərinə belə davam edib: “Ümumilikdə isə bildiyiniz kimi əsirlərin mübadiləsi 7 dekabr birgə bəyanatının ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır. Bildiyiniz kimi, razılığa müvafiq olaraq, bundan öncə Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləmişdi. Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək vermişdi. Əlbəttə, bu kimi nəticələr iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək gedişlərdir və beynəlxalq ictimaiyyət də bu səyləri dəstəkləməlidir. Lakin unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil, bu reallığa cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub və əgər Azərbaycanın istər Vətən müharibəsindəki qələbəsi, cənab İlham Əliyevin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatizmə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa bilməzdik. Yəni, bu gün ailələrin 8 aydan sonra öz övladına qovuşması, məhz cənab İlham Əliyevin qətiyyətinin nəticəsi və hər bir vətəndaşın dövlətimiz üçün önəmli olduğunun bariz göstəricisidir”.
Ayşən Vəli