Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri və Cənubi Qafqaz gündəmi ilə bağlı səsləndirdiyi fikirlər, ümumən, ölkəmizin sülh prosesinə sadiqliyinin yenidən bəyan edilməsidir.Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Hazırda dünyada mürəkkəb proseslərin baş verməsi təbii olaraq təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Ölkə başçısı öz çıxışlarında və verdiyi müsahibələrində hər zaman mütləq olaraq Ermənistan ilə münasibətlərə geniş yer ayırıb və bir çox suallara aydınlıq gətirib. “Euronews” televiziyasına verilən müsahibəsində də Ermənistanla olan münasibətlərin gələcək perspektivləri barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev bildirib ki, “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”. Dövlət başçısı bildirib: Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Cənab prezident xüsusi olaraq vurğulayıb ki, səmimi desək, hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmür. Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlət başçısı bildirib ki, qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər.
Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri