PDF Oxu

Siyasət

  • 2 411

Azərbaycanın iqtisadi potensialı böyük addımlara zəmin yaradır ŞƏRH

Azərbaycanın iqtisadi potensialı böyük addımlara zəmin yaradır ŞƏRH

Azərbaycan Respublikası yeni bir mərhələyə qədəm qoyub. Respublikanın iqtisadi gücü Qarabağın bərpası, regionun əhalisinin yerləşdirilməsi, dağıdılmış infrastrukturun yenidən qurulmasına yönləndirilib. Böyük Qayıdış layihəsi respublikanın iqtisadi-sosial həyatında mühüm hadisəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verərkən perspektiv planlar haqqında demişdir: “Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.”

Böyük quruculuq işlərinin arxasında güclü maddi-texniki baza dayanır. Belə ki, Azərbaycan Respublikasının potensialının əsas sütunu olan neft və qaz hasilatı, onun dünya ölkələrinə ixracı iqtisadi müstəqilliyi təmin edir. Xarici kreditlərdən asılı olmayan, daxili sabitliyi fonunda sərhədlərin təhlükəsizliyi məsələsini də həll edən respublikada risklərin minimuma endirilməsi müşahidə olunur. Ölkə başçısı cənab İlham Əliyevin də müsahibədə dediyi kimi – “Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.” Göründüyü kimi, regionun siyasi balansını iqtisadiyyatla və yaxud iqtisadiyyatı siyasi öngörmə ilə tarazladıqda dövlət böyük layihələrə əminliklə imza atır.

Müsahibədə toxunulan mühüm məsələlərdən biri Ermənistanla sülh danışıqlarının detalları oldu. 30 ildən çox öz doğma torpaqlarından – Qərbi Azərbaycan ərazisindən milli zülmə, soyqırımına, deportasiyaya məruz qalaraq Azərbaycan Respublikasına gəlmiş soydaşların hüququ pozulduğu halda Ermənistanın sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyi heç bir ədalət prinsipinə sığmır. Bu haqda cənab İlham Əliyev deyir: “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq.” Azərbaycan vətəndaşlığnı qəbul etməyib Qarabağı tərk edən erməni icmasının nümayəndələri haqqında verilən suala cavab olaraq cənab İlham Əliyev respublikada bütün etnik qruplara, bütün mədəniyyətlərə tolerant bir mühitin yaradıldığı, onlara dil, tədris, din, bələdiyyə hüquqlarının verildiyi haqqında məlumat verməklə, əslində monoetnik Ermənistanı ifşa etmişdir. Erməni icmasının Qarabağa qayıdışının yalnız 300 min azərbaycanlının Ermənistandakı ata-baba torpaqlarına yerləşdirilməsi şərti ilə mümkün olacağı müsahibədə vurğulanır. Bu məsələnin arqumenti isə qarçılıqlı prinsip məsələsidir. Çünki Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çox olub. Azərbaycanın mövqeyi şəffaf şəkildə bəyan olunduğu halda Ermənistanın tərəddüd sərgiləməsi regionun labüd inkişafına, Azərbaycanın quruculuq-bərpa layihələrinə maneə deyildir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA Tarix İnstitutu üzrə ərazi partiya

təşkilatının sədr müavini

Digər xəbərlər