Ötən 20 il ərzində Azərbaycanın həyata keçirilən daxili və xarici siyasətin uğurları dünya miqyasındakı ölkəmizin reytinqini getdikcə artırır. Əldə olunmuş bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü aydın şəkildə büruzə verir. Əsasən də, 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıtdı. O zamandan başlayaraq qələbədən-qələbəyə gedirik. Sürətli inkişaf edən Azərbaycan artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyası ilə yayımlanan müsahibəsi də bunu təsdiqlədi. Televiziyanın əməkdaşının ilk sualını “Avropa yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar” cümləsi ilə başlaması bizə çox böyük qürur hissi yaşatdı.
Prezident cənab İlham Əliyev ötən 20 ildə Azərbaycanın qazandığı uğurlar barəsində məlumat verərək qeyd edib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Ölkəmiz bu müddət ərzində neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Qeyd edək ki, bu dövrdə ümumi daxili məhsul (ÜDM) 4 dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər aşağı düşüb. Bu da onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bundan əlavə, xarici borcun səviyyəsi hər il azalır və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır
Hazırda işğaldan azad edilmiş ərazilərin inkişafının diqqət mərkəzində saxlanılır. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünlərin mümkün qədər tez yerləşdirilməsi prioritet məsələdir. Dövlətimizin başçısı 2026-cı ilin sonunadək 140 min insanın doğma yurdlarında yerləşdirilməsinin planlaşdırıldığını qeyd edib. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Heç şübhəsiz ki, bu gün Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və bu əməkdaşlığın real nəticələri artıq özünü büruzə verir. Azərbaycanın neft–qaz hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Hazırda ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür” fikri böyük maraqla qarşılanıb. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Bu hallar dövlətimizi mövqeyindən çəkindirə bilməz. Ona görə ki Azərbaycanın inkişafı düşünülmüş şəkildə aparılır. Hətta işğal dövründə ölkəmizin iqtisadiyyatı inkişaf edib. Bu gün isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Belə ki, genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib və bu gün bu islahatların nəticəsi özünü açıq şəkildə büruzə verir.
Prezident verdiyi müsahibəsində diqqət çəkən məqamlardan söhbət açıb. O, Ermənistanın işğalçılıq siyasəti zamanı törətdiyi vəhşiliklər, sülh müqaviləsinin imzalanmasına laqeyd yanaşma, Azərbaycanın təklif etdiyi beş baza prinsipi, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, o cümlədən Qarabağda aparılan antiterror tədbirləri, 200-dən artıq ölkədən ibarət olan beynəlxalq birliyin əksəriyyətinin Azərbaycanı dəstəkləməsi, COVID pandemiyası məsələsi ilə bağlı 80-dən çox ölkəyə yardım göstərilməsi, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, qarşılıqlı marağa əsaslanan qonşularla münasibətlər barəsində məlumat verib. Həmçinin ölkə başçısı diqqətə çatdırıb ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsindən sonra Ermənistan daha cəsarətli davranmalıdır. Ona görə ki, danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Televiziyanın tamaşaçılarına da bəlli oldu ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin köçüb getməsinin tərəfdarı deyil. Bu gün bu ərazilərdə yaşayan ermənilər üçün heç bir təhlükə yoxdur. Prezident bu məsələni də diqqətə çatdıraraq deyib ki, Qarabağ ermənilərinin hüquqları təmin olunacaq. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə və orada yaşamağa davam edə bilərlər. “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə də bəyan edildi ki, Azərbaycan çoxmillətli, çox konfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini