Onlar nə düşünürlər?
“Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri gələcək regional konfiqurasiyanın formallaşdırılması baxımından çox mühüm mərhələ olacaq”.
Bu barədə rusiyayönümlü erməni politoloqu, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan ölkəsinin mətbuatına danışıb.
Sergey Melkonyan: “Bu addımlar Ermənistanla sülh müqaviləsinin imzalanması və ya “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər”
Onun sözlərinə görə, məhz bu kontekstdə İrəvan istənilən ssenariyə hazır olmalıdır. Melkonyan 19-20 sentyabr tarixində antiterror tədbirinin uğurla başa çatmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin bir qədər də yüksəltdiyi reytinqini “kapitallaşdırmaq” istəyinin mümkünlüyü ilə yanaşı, Azərbaycan liderinin Ermənistan “cəbhəsi”ndə növbəti addımlar üçün daxili legitimlik əldəetmə niyyətini də istisna etməyib: “Bu addımlar Ermənistanla sülh müqaviləsinin imzalanması və ya “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər".
"Əliyev həm də avropalıların dediyi kimi, etibarlı tərəfdaşdır”
Erməni analitiki əlavə edib ki, sözügedən prosesin məntiqi belədir: "Onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.
Melkonyana görə, seçkilər həm də İlham Əliyevə “xarici legitimlik qazanmağa” kömək edəcək: “Onun Qarabağdakı “etnik təmizləmə”dən (dırnaqlar bizimdir) bir neçə ay sonra yenidən Prezident seçilməsi və qələbəsinin əsas aktorlar tərəfindən tanınması mahiyyət etibarı ilə beynəlxalq ictimaiyyətin nöqteyi-nəzərində Qarabağda qanundankənar heç bir şeyin baş verməməsi demək olardı. Əliyev həm də avropalıların dediyi kimi, etibarlı tərəfdaşdır”.
Afət Tahirqızı