Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir.
Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır. Dövlət tərəfindən həyata keçirilən sosialyönlü tədbirlər nəticəsində, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbat və ehtiyacları yüksək səviyyədə ödənilib.
SOSİAL RİFAH VƏ ONUN YÜKSƏLMƏSİ ƏN VACİB VƏZİFƏLƏRDƏNDİR
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Bu və ya digər amillər planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir.
Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamları, tələbələr, magistrlar və doktorantların təqaüdlərdə ciddi artım və s. insan amilinə ayrılan diqqətin bariz nümunəsidir. Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Son iyirmi ildə pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, Milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olmuş oldu. Həmçinin əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da qeyd olunmalıdır.
İQTİSADİ İNKİŞAFIN SÜRƏTLƏNMƏSİNƏ İMKAN VERƏN AMİLLƏR
Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənildi. Bu, ikitərəfli addım idi - vətəndaşla bank arasında etimad mühiti bərpa olundu, eyni zamanda, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll edildi.
Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 mln. manata yaxın olub. Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Sahibkarların işinin sadələşdirilməsi, onlara dəstək mexanizminin artırılması dövlət əmlakının icarəyə verilməsi sahəsində də həyata keçirilib.
Məlumdur ki, yola salacağımız ilin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı dövlətin yeni sosial paketinin işə başladığını təsdiqləyir. İmzalanan Sənəd bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir.
Sözügedən Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin etmiş oldu. Sərəncama əsasən, minimum əməkhaqqı 345 manata çatdırıldı və Vahid Tarif Cədvəli üzrə əməkhaqları artırıldı.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə etmiş oldu.
POSTMÜHARİBƏ DÖVRÜNDƏ SOSİAL DƏSTƏK PAKETİ 126 MİN ŞƏXSİ ƏHATƏ EDİB
Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir. İcra olunan bu paket çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 21,9 min şəxsə birdəfəlik ödəniş təyin olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 600 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 374 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2058 şəxs 48 min reabilitasiya vasitəsi, o cümlədən 453 şəxs 472 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 322 min xidmət göstərilib.
Həqiqətən də, bu sosial addımlar əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyev, çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gəlir. Əgər bu gün Azərbaycanın qazandığı biri-birindən əhəmiyyətli uğurlarından bəhs ediriksə, gələcəkdə daha möhtəşəm uğurlardan danışacağıq. Həyat davam edir və bu davamlılıq inkişaf, tərəqqi ilə müşayiət olunanda, daha böyük ruh yüksəkliyi yaradır. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir.Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malik dövlətdir və Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır və qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə, hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial qərarlar davamlı xarakter alıb və bütün bunlar insanların güzəranı daha da yaxşılaşdırır. İmzalanan bu və ya digər sərəncamlar bir daha təsdiqləyir ki, Azərbaycan sosialyönümlü dövlətdir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən islahatlar davamlı olaraq reallaşır.
Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.
Zümrüd BAYRAMOVA