PDF Oxu

Siyasət

  • 2 041

COP29: Qlobal mesaj bu dəfə Azərbaycandan veriləcək

COP29: Qlobal mesaj bu dəfə Azərbaycandan veriləcək

COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici orqanıdır. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. Hazırda bu ölkələrin sayı 198-dir.

“0” emissiyaya nail olmaq

COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər, əsasən, qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” emissiyaya nail olmaqdır. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Bunlar Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələrdir.

COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etdi. İştirakçılar əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, alimlər, tədqiqatçılar, ekspertlər, mətbuat nümayəndələri və digər əlaqədar tərəflər olub.

Gələn ilin noyabrında Bakıya 100 min nəfər qonaq gələcək

Növbəti, COP29 olaraq adlandırılan konfrans 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın ən irimiqyaslı beynəlxalq tədbiri 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olub. Məhz buna görə COP29, ölkə tarixində keçiriləcək ən böyük tədbir kimi xarakterizə olunur. Bu, həm ölkəmizin beynəlxalq arenada adının təkrar duyulması baxımından, həm də turizm potensialının artması, yerli, regional və beynəlxalq miqyasda kapitalın gözlənilməsi baxımından olduqca faydalı olacaq.

Nazir: “Azərbaycan məsuliyyətinin fərqindədir”

COP28-in dekabrın 11–də keçirilən plenar iclasında çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.

Muxtar Babayev çıxışında Azərbaycanı COP29-un ev sahibi ölkəsi kimi dəstəkləmək qərarına görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin minnətdarlığını ifadə edib: “Zəngin mədəni irsi və dinamik enerjisi ilə bizim ölkəmiz dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq. Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik”.

COP28 konfransında Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup öz üzvlərindən bu konfransı təşkil edəcək bir ölkənin namizədliyini irəli sürmək üçün qərar qəbul etməlidir.

Ermənistan Azərbaycanın xeyrinə geri addım atdı

Xatırladaq ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürüb. Məlumat üçün bildirək ki, COP29 konfransının keçirilməsi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürüb. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Şübhəsiz ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmiz adına Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Həmçinin bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimiz istiqamətində ən böyük uğurdur.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

İqlimə düşmən kəsilən dünya

Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. TSKB İqtisadi Araşdırmalar Mərkəzinin hazırladığı “Həyat dərindən bir nəfəsdir” başlıqlı hesabatda dünya üzrə 300 milyon uşağın maksimum səviyyədən 6 dəfə çox hava çirkliliyinə məruz qaldığını deyir. ÜST-ün açıqlamasına görə isə hər il dünyada 7 milyondan çox insan çirklənmiş hava səbəbindən erkən ölür. Bildirilir ki, qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. Havadakı qaz, his, ozon və metan nisbətindəki dəyişikliklər, sadəcə, iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda, hər il milyonların ölümünə rəvac verir.

Açıq mühitdəki çirkli hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə, dünyada ekologiyanın çirklənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirklənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

Dünya miqyasında mövcud problemlərdən ən böyüyü ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu ölkəmiz üçün də olduqca aktual və həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neft-kimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. Xüsusilə istixana qazların təhlükəsi barədə ölkəmiz olduqca məlumatlıdır və bu təhlükənin azaldılması istiqamətində işlər görülür.

Azərbaycan iqlimin dostu olmaq yolundadır

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır.

Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.

Lakin ölkəmizdə alternativ enerjidən istifadə yolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir.

Doğrudur, ötən ilin sonu Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropada havanın çirklənməsi səbəbindən baş verən ölümlərin 10 faiz azaldığını, lakin buna baxmayaraq yüz minlərlə insanın çirkli hava səbəbindən həyatını itirdiyini açıqlamışdı. Amma agentlik hesab edir ki, 2030-cu ilə qədər havadakı zərərli maddələri zərərsizləşdirmənin bir yolu tapılmalı, çirkli havadan ölüm nisbəti 55 faiz azaldılmalıdır. Bildirilir ki, havanın çirklənməsi cari templə azalmağa davam etməsə və əlavə tədbirlər görülməsə vəziyyət olduqca təhlükəli hal alacaq.

Lalə Mehralı

Digər xəbərlər