PDF Oxu

Siyasət

  • 1 220

Füzuli köç karvanlarını qarşılayır TƏHLİL

image

Azərbaycan xalqının müqəddəs ənənələri, milli-mənəvi dəyərləri var. Bu dəyərlər yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, hər kəsin vətən qarşısındakı məsuliyyətini, vətəndaşlıq mövqeyini formalaşdırıb. 44 günlük Vətən müharibəsində birlik, vətənpəvərlik, torpaq sevgisi kimi ali dəyarlərə şahid olduq. Prezident İlham Əliyevin vurğuladığı kimi, «Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq».
44 günlük müharibədən xalqımız qələbə ilə çıxdı. Tariximizə Qələbə yazıldı. Bu gün artıq işğaldan azad olunan məkanlarımızda abadlıq, quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin iştirakı milli birliyimizi bir daha nümayiş etdirir.
Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.

"BİZ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİ MÜMKÜN QƏDƏR TEZ YERLƏŞDİRMƏLİYİK"

Vətən müharibəsində qazandığımız Qələbə və sentyabrın 19-da həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu gün ölkəmizin qarşında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır.
"Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq", – deyə Prezident İlham Əliyev bildirib.

FÜZULİYƏ DAHA 22 AİLƏ - 94 NƏFƏR KÖÇÜRÜLDÜ

Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salındı. Bu dəfəki bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürüldü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib. Yola düşən əzəli sakinlər üçün bu həyatlarının gözəl gündür. Füzulidən gənc yaşında çıxan, yaxud orada heç doğulmayan insanlar üçün bu qayıdış böyük bir sevincdir və heç vaxt unudulmayacaq biq bir hissdir. Uzun illərin həsrətinə nöqtə qoyulur, yenidən qurub-yaradacaq insanların səsi bu ərazilərə yayılacaq. Xoşbəxt günlər onların gündəliyində yer alacaqdır.

1000-DƏN ARTIQ VƏTƏNDAŞ AKTİV MƏŞĞULLUQ TƏDBİRLƏRİ İLƏ ƏHATƏ OLUNUB

İllər sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olurlar. İşğaldan azad olunan ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Füzuli şəhər sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin olunub. Böyük Qayıdış proqramı çərçivəsində öz yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 28-ə çatıb.
Ümumilikdə indiyədək Böyük Qayıdış proqramı çərçivəsində 1000-dən artıq vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlar müvafiq vakansiyalar üzrə işlə təmin olunub, özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb ediliblər.
Köç karvanları işğaldan azad olunan bir neçə ərazilərə yol alır. Belə ki, bu günlərdə 25 (92 nəfər) ailədən ibarət növbəti köç karvanı yenidən qurulan Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bakı (9 ailə, 36 nəfər) və Sumqayıt ( 3 ailə, 10 nəfər) şəhərlərindən, Abşeron rayonundan (4 ailə, 16 nəfər) köçürülən ümumilikdə 16 ailə, 62 nəfər Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından yola düşüb. Mingəçevir şəhərində (1 ailə, 4 nəfər), Bərdə (6 ailə, 20 nəfər), Lənkəran (1 ailə, 4 nəfər) və Ağcabədi (1 ailə, 2 nəfər) rayonlarında yaşayan 9 ailə, 30 nəfər isə məskunlaşdıqları ərazidən yola salınıblar. Beləliklə, bu köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (568 nəfər) köçürülüb. Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİNDƏ HƏYATA KEÇİRİLƏN KOMPLEKS İSLAHATLAR

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər", – deyən Prezident bildirib ki, biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq".
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz güclüdür və siyasi iradənin gücü bütün çətinliklərə müvəffəq olur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər