DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,7 faizdir
"ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən "DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə DOST layihəsi, artıq bu sahədə də öz sözünü demiş oldu. Artıq DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsinin 97,7 faiz təşkil etməsi göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb.
DOST MƏRKƏZİNDƏ UĞUR VƏ YENİLİKLƏR
Məlumdur ki, 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST Mərkəzinin açılışı olmuşdur. 1 saylı Bakı DOST Mərkəzi gün ərzində 400-dən çox vətəndaş qəbul edir. Mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir. Mərkəzdə "Könüllü DOST" proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir. 2 saylı Bakı DOST Mərkəzində gün ərzində 100-dən çox vətəndaş qəbul edir. Mərkəzdə il ərzində 30-35 min vətəndaşa "bir pəncərə" prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir. Hər bir DOST Mərkəzi gün ərzində yüzlərlə insanda məmnunluq yaradır. Bütün bunlarla yanaşı, Qarabağ Regional DOST Mərkəzi 7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Mərkəz gün ərzində təxminən 650-700 vətəndaş qəbul etmək potensialına malikdir. Bu prosesi 123 nəfərdən ibarət işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa 159 adda xidmət göstərilməsi nəzərdə tutulub. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir. Bundan əlavə, Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də "Peşəyönümü və Karyera Mərkəzi", inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Peşə hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır.
Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub.
Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Nəzakət ƏLƏDDİNQIZI