Bu gün Azərbaycan dövləti həm iqtisadi qüdrəti, həm də geosiyasi nüfuzu ilə Avropanın diqqət mərkəzindədir. Xüsusilə, bu qitənin etibarlı enerji tərəfdaşı olmaqla, öz mövqelərini və etibarını hər gün daha da möhkəmlədir. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasəti dünya ölkələri ilə qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafını təmin edib. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Serbiyaya işgüzar səfəri zamanı bir daha təsdiqlənmiş oldu.Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Ancaq indiki mürəkkəb qlobal şəraitdə bu, əhəmiyyət daha da yüksəlib.
Bildiyimiz kimi, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Prezident cənab İlham Əliyev dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı Serbiya-Azərbaycan əlaqələri haqqında danışarkən bu fikirləri səsləndirdi. Ölkə başçısı həmçinin Azərbaycan və Bolqarıstan münasibətlərinə də toxunaraq strateji tərəfdaşlıq Sazişindən bəhs etdi. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.
Prezident çıxışında, Azərbaycan-Serbiya, Azərbaycan-Bolqarıstan münasibətlərindən geniş bəhs edərək prezidentlər arasında dostluq münasibətlərinin ölkələrin əlaqələrinin inkişafında rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycan hər iki dövlətlə strateji tərəfdaşdır və bunu sözdə, sənəddə və əməldə nümayiş etdiririk. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.
Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlayıb. Dövlət başçısı İlham Əliyev bu rəqəmləri də açıqladı ki, 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il bu rəqəm 500 milyon kubmetrdən bir qədər çox olmuş, bu il isə 1 milyard kubmetrə yaxın olacaq.Azərbaycan və Serbiya dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı