Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.Azərbaycan-Serbiya nəqliyyat-logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər. Prezidentlərin mətbuata birgə bəyanatında da səsləndiyi kimi, artıq uyğun istiqamətlərdə, o cümlədən nəqliyyat-logistika sahəsində müvafiq qurumlar təmas yaradıbdır və nəticəəsaslı fəaliyyətə başlanılıb.Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması və sair baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rol artıq, bütün dünyaya məlumdur. Avropa Azərbaycanla münasibətlərə və əməkdaşlığa xüsusi önəm verir. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.
Eyni zamanda, Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixinə nəzər salsaq, iki ölkə arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu və müsbət dinamikası ilə seçildiyini deyə bilərik.
Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Və bu xəritənin cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir
Cənab Prezident öz çıxışı zamanı vurğulamışdır ki , Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı