Armen Badalyan: "Biz yalnız daxili siyasi prosesləri, növbədənkənar seçkilərin olub-olmamasını şərh edə bilmərik"
“Ermənistanda növbədənkənar seçkilər və Qarabağ məsələsi bir-biri ilə kifayət qədər sıx bağlıdır”. Bunu erməni politoloq Armen Badalyan Ermənistanda növbədənkənar seçkilərin mümkünlüyündən danışarkən deyib.
“Biz yalnız daxili siyasi prosesləri, növbədənkənar seçkilərin olub-olmamasını şərh edə bilmərik. Bu gün bu məsələni Ermənistanın hakimiyyəti deyil, Ermənistanın idarəçilik sistemində və daxili siyasi proseslərdə kifayət qədər mühüm rol oynayan Qərb həll edir", - deyən politoloq əlavə edib ki, onlar parlamentdəki siyasi panoramanı dəyişmək lazım gələrsə, Ermənistanı parlament seçkiləri keçirməyə məcbur edəcəklər: "Qərb növbədənkənar seçkilərin keçirilməsini tələb edərsə, deməli, daha da cəlbedici tələbi var. Təbii ki, bu müddət ərzində biz bəzi digər qüvvələrdən istifadə etməklə prosesdən qaça bilərik, amma onlar konkret qüvvələri təmsil etmək əmri alacaqlar”.
"Qərb qüvvələri müvafiq resursları və medianı cəlb edərək bir aya hazırlaşa bilər”
Erməni analitik onu da qeyd edib ki, Ermənistanın siyasi elitası növbədənkənar seçkilərə hazırlaşmır: “Ermənistanda hakimiyyət seçkilərlə müəyyən edilmir, lakin seçkilər baş verərsə, istənilən Qərb qüvvələri müvafiq resursları və medianı cəlb edərək bir aya hazırlaşa bilər”.
O, bununla etiraf edib ki, Ermənistanın seçkilərə getməsi Qərbin qərarıdır. Yəni, Nikol Paşinyanın növbədənkənar seçkilərə getməsi sifarişdir.
İşxan Saqatelyan: "Mərkəzdən uzaqda yaşayan sakinlər səksəkə içində yaşayır və hər an təhlükənin başlarının üstünü alacağından ehtiyat edirlər”
Bu arada Ermənistanın parlamentində də sakitlik hökm sürmür. Daha dəqiq desək, Azərbaycanla sülh müqaviləsinin imzalanmaması fonunda digər fikirlər də diqqət çəkməkdədir.
“Ölkəmizdə mövcud təhlükəsizlik böhranı tam şəkildə Geqarkunik (Göyçə) bölgəsində özünü göstərir”.
Bunu Ermənistan parlamentinin müxalifətdən olan daşnakçı deputatı İşxan Saqatelyan özünün “Facebook” səhfəsində yazıb. Belə ki, bir neçə gün əvvəl o, “Ermənistan” fraksiyasındakı həmkarları ilə Göyçəyə gediblər. Basarkeçər rayonun kəndlərini gəzən müxalif deputatlar kəndlərdəki vəziyyətlə tanış olublar. Saqatelyan bildirib ki, Geqarqunuk erməniləri məğlubiyyətdən sonra narahatdırlar və hər an evlərini tərk etməyə hazırdırlar: “Qarlı dağlar uğrunda döyüşlər destruktiv siyasətidir. Yerli ermənilər də onları gözləyən təhlükədən qorxurlar. Bir sözlə, mərkəzdən uzaqda yaşayan sakinlər səksəkə içində yaşayır və hər an təhlükənin başlarının üstünü alacağından ehtiyat edirlər”.
Beləliklə, Ermənistanın ictimai-siyasi ab havası dərin böhran mənzərəsini yaradır və nəticə budur ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalamasa, vəziyyət daha gərgin finala keçid edə bilər. Hətta seçkilər belə heç nəyi həll etmək iqtidarında ola bilməz.
Afət Tahirqızı