Müstəqillik əldə etdiyimizdən bəri ilk dəfə olaraq 7 fevral 2024-cü ildə bütün Azərbaycan ərazisində növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilərə hazırlığın yüksək səviyyədə müxtəlif təşkilatların, qrupların fəallığı ilə aparılması onu deməyə əsas verir ki, xalq seçkilərə xüsusi önəm verir. Həm də o məsələ aydın görünür ki, seçki günü yüksək seçici fəallığı olacaq və bununla da Azərbaycanda növbəti seçki tarixi yazılacaq. Belə bir şəraitdə dağıdıcı müxalifət sağlam rəqabətin əvəzinə təxribatlara üstünlük verir, destruktiv yol tuturlar. Hətta AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar və onların liderləri seçkilərin boykot edilməsi barədə xarici qüvvələrin istəklərinə uyğun olaraq qərar qəbul ediblər. Söz yox ki, boykot qərarı siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Sadəcə, bunu boykot qərarı verən AXCP, Müsavat, Milli Şura başbilənləri özlərində cəsarət tapıb dilə gətirmirlər. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir. Eyni zamanda, bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə, hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Söz yox ki, sıravi üzvlər hörmətsizliyi heç bir halda həzm etməyəcəklər, istefa verməklə boykot qərarı verən rəhbərliyə öz kəskin etirazlarını nümayiş etdirmiş olacaqlar.
Dağıdıcı müxalifət öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib
Hər bir siyasi partiyanın hansı gücə və elektorata malik olduğu yalnız seçkidən seçkiyə məlum olur. Seçkilərdə iştirak etməmək isə o anlamı yaradır ki, siyasi partiya aciz durumdadır və sosial bazası mövcud deyil. Onlar yalnız dil qəhrəmanlarından başqa bir şey deyillər. Danışdıqları, yazdıqları, sadəcə, sabun köpüyüdür. Uzun illərdir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri sosial şəbəkələr vasitəsi ilə pafoslu bəyanatlarla çıxış edir, hədələyici açıqlamalar verirlər. İndi bir daha məlum olur ki, danışdıqları və yazdıqları, sadəcə, sabun köpüyüdür. Əgər özlərinə arxayın olsa idilər, söz yox ki, seçkilərdə iştirak edərdilər. Əmin deyillər və anlayırlar ki, onlar üçün seçki məğlubiyyəti qaçılmazdır. Bu baxımdan, öncədən üzləşəcəkləri real görünən seçki məğlubiyyətindən qaçmaq üçün boykot kimi absurd iddia ilə çıxış edirlər.
Əli Kərimli sosial şəbəkə hesabında yalana, böhtana daha çox yer ayıraraq iddia edir ki, guya seçkilərə qatılmaq üçün demokratik şərait mövcud deyil. Ədalətsiz yanaşmadır və böhtandan başqa bir şey deyil. Çünki qeyri-demokratik mühit olsa idi, Ə.Kərimli və trol dəstəsi cəmiyyəti təhdid edən şantaj və böhtanlarla zəngin olan açıqlamalarla çıxış edə bilməzdi. Digər tərəfdən, məhz növbədənkənar seçkilərin keçirilməsi barədə qərarın verilməsindən sonra dekabrın 16-da AXCP üçün “qurultay”ının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. “Qurultay”ın canlı olaraq sosial şəbəkə üzərindən yayımının təşkil edilməsi iştirakçılar tərəfindən populist fikirlərə geniş yer veriləcəyi əvvəlcədən aydın idi. Elə də oldu. “Qurultay”da Ə.Kərimli və trol dəstəsi dövlətin əleyhinə hər cür ittihamlar və böhtanlar səsləndirdilər. Hətta elə ağ yalanlar, iftiralar qeyd olundu ki, qurultay iştirakçıları olan bəzi cəbhəçilər belə gülməkdən özlərini saxlaya bilmədilər. Ə.Kərimli çıxışında gah iddia etdi ki, seçkilərin keçirilməsi üçün vaxt azdır, gah da qeyd etdi ki, yaradılan şərait arzuedilən səviyyədə deyil. Bir sözlə, baş trolun dediklərindən belə anlaşılır ki, sanki bunlar xüsusi imtiyaza malik olmalı və əhalinin onlara dəstək göstərilməsi üçün səfərbər edilməlidir. Əvvəla, xalq Ə.Kərimliyə və ətrafında olanlara nifrət edirsə, hansı halda əhalinin onlara imza vermələrinə yardımçı olmaq olar? Nəzərə alınmalıdır ki, AXCP, Müsavat kimi dağıdıcı müxalifət partiyaları “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkmişdilər.
Ə.Kərimli, A.Hacılı və C.Həsənli hay-küylərinin qurbanı olacaqlar
AXCP-nin iyulda keçirilən qurultayı da cəbhəçilər tərəfindən narazılıqla qarşılanmışdır. Xüsusilə də, Nurəddin Məmmədlinin növbəti dəfə Ali Məclisin sədri təyin olunması əməlli-başlı qalmaqal yaratmışdır. Hətta bir neçə qurultay nümayəndəsi, o cümlədən partiyanın funksioneri Aydın Əliyev Nurəddin Məmmədlinin təyinatına və qurultayın nəticələrindən narazı qaldığını əsas gətirərək Ədliyyə Nazirliyinə şikayət ünvanlamışdır. Bununla kifayətlənməyən narazı funksioner məhkəməyə müraciət edib. Buna baxmayaq, Ədliyyə Nazirliyi böyük humanistlik və xeyirxahlıq göstərək AXCP-ni təkrar qeydiyyata alıb. Məhz növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş AXCP, Müsavat kimi partiyalar, onların başbilənləri isə öz zəifliliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Lakin məsəl var deyərlər, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Ə.Kərimli, A.Hacılı, C.Həsənli və digərləri mənasız yerə hay-küy qaldırıb, təxribatçı mövqe sərgiləsələr də, nəticədə problemlərlə üzləşən özləri olacaq.
İ.ƏLİYEV