Prezident İlham Əliyev: "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək"
Çağdaş dövrümüzdə qarşıya yeni imkanlar və vəzifələr qoyulub. Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilə göstərdiyi böyük diqqət və qayğı təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir. Təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyininin artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, baxımından sistemli tədbirlər həyata keçirilib, Elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanılması, bu sahədə siyasətin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamika əldə olunub. Belə ki, 2003-cü ilin statistikasına əsasən dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat olub. Deməli, 20 il ərzində təhsil xərcləri 18 dəfədən çox artıb.
Təhsilin qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində son 20 il ərzində böyük işlər görülüb. 2013-cü il oktyabr ayının 24-də dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması bu sahənin inkişafında yol xəritəsi rolu oynayıb. 2017-ci il 14 aprel tarixində "Məktəbəqədər təhsil haqqında", 2019-cu il 29 mart tarixində "Ümumi təhsil haqqında", 24 aprel 2018-ci il tarixində "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılmasında müstəsna rola malikdir.
"AZƏRBAYCANDA ELMƏ, TƏHSİLƏ, TEXNOLOJİ İNKİŞAFA ÇOX BÖYÜK ƏHƏMİYYƏT VERİRİK Kİ, GƏNCLƏRİMİZ, CƏMİYYƏTİMİZ BİLİKLİ OLSUN"
Qeyri-neft sektorundan əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafına etibarlı zəmin yaradır. Azərbaycanın neft strategiyasının başlıca hədəfləri həmişə ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən və sosial islahatların davamlı olaraq miqyasının genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Dövlət başçımız praqmatik lider kimi neftdən əldə olunan gəlirlərin, ilk növbədə, ölkədə güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsini vacib olduğunu çıxışlarında dəfələrlə vuğulamışdır. " Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək", – deyən Prezident bildirib ki, biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir: "O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. "
Müasir dövrdə hər bir xalqın, dövlətin taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları və bütün bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan da öz inkişafını, ancaq təbii sərvətlərin gətirdiyi mənfəətə bağlamır, resurslarını insan faktorunun inkişafına yönəldir. Prezident İlham Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar da, məhz insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin formalaşmasına zəmin yaratmaq məqsədi daşıyır.
"AZƏRBAYCANDA QARA QIZILI İNSAN KAPİTALINA ÇEVİRMƏK PRİNSİPİ ƏSASINDA İSLAHATLAR APARILIR"
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrlə paralel olaraq, təhsil sahəsində köklü islahatlar aparılır, təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində son illərdə bu sahədə çox böyük işlərin görülməsini və təhsil sahəsinin daim diqqət mərkəzində olmasını təbii hal olduğunu bildirib: "Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. ... Mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır".
Dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayı son 5 ildə 16 faiz artıb. Hazırda 1-5 yaşında olan azyaşlıların 32 faizi məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır. Bu da o deməkdir ki, 100 min uşağın bu təhsilə cəlbi üçün şərait yaradılacaq.
1 MİLYONDAN ÇOX ŞAGİRDİN TƏLİM ŞƏRAİTİ YAXŞILAŞDIRILIB
Bildiyimiz kimi, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir".
Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan, hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. 2003-2023-cü illər ərzində respublika ərazisində 3630 məktəb binası inşa və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Bu da ölkə məktəblərinin təxminən 80 faizinin təhsil şəraitinin yaxşılaşdırılması deməkdir.
Yeri gəlmişkən, bildirək ki, təkcə 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikilərək və ya əsaslı təmir edilərək istifadəyə verilib. Əlbəttə ki, görülən işlər bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Ümumiyyətlə, istifadəyə verilən müasir standartlara cavab verən təhsil müəssisələrində informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəblərdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisələrinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir.
Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.
Zümrüd BAYRAMOVA