Danılmaz bir faktdır ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların əsasını Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu təşkil edir. Bu cür uzaqgörənliklə həyata keçirilən siyasi kurs Azərbaycanın inkişafını təmin edir, xaricdə nüfuzunu yüksəldir. Həqiqət odur ki, indi ölkəmiz təkcə regionda deyil, bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakını zəruri edən də məhz budur.
Ölkəmiz üzv olduğu beynəlxalq təşkilatlarda söz sahibi kimi yalnız üzləşdiyimiz problemlərin yox, həm də qlobal, miqyaslı məsələlərin həllinə töhfə verir. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdəki fəaliyyətinə diqqət verəndə görürük ki, Azərbaycan bu təşkilatın nüfuz və gücünü beynəlxalq hadisələrə təsir etmək səviyyəsinə qaldırmışdır. O cümlədən, Azərbaycan digər beynəlxalq təşkilatlar Türk Dövlətləri Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. çərçivələrində də fəaldır. Həm də bütün bunlar qlobal beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün zəmin yaradır.
Dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi şəkildə elan olunub. Qərara əsasən COP29 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Nəticədə, 9 dekabr tarixində Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Qeyd edək ki, bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Həmçinin, son vaxtlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Gələn il COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə mühüm olan və aidiyyatı üzrə tapşırıqlarının verilməsi də tədbirin önəmindən və mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir. Dövlətimizin başçısı qeyd edərək bildirmişdir ki, keçiriləcək konfrans dövründə Bakıda 70-80 min xarici qonaq olacaq. Xatırladaq ki, bu Konfrans 1995-ci ildən etibarən keçirilir. COP - iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur. Bizim COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməyimiz Azərbaycanın və Azərbaycan xalqının növbəti böyük uğuru olmaqla yanaşı, o cümlədən malik olduğumuz potensialı bütün dünyaya göstərəcək. Həmçinin imic dəyişiminə də şahidlik edəcəyik. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan ölkəmiz, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Nəticədə, Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini