Paşinyan: "Qarabağın əvəzinə Meğrini versəydik..."
Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibə verərkən müxtəlif məsələlər barədə danışıb. Verilən sualları cavablandıran Paşinyan bildirib ki, ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi növbə Ermənistanındır.
Erməni baş nazir, eyni zamanda, münaqişənin tarixinə nəzər salıb və 1990-1991-ci illərdə Ermənistan liderlərinin buraxdıqları səhvlərdən bəhs edib.
"Müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur"
“Həmin dövrdəki liderlər demirdilər ki, Ermənistana dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, "Dağlıq Qarabağ" (Qarabağ) problemini həll etmək üçün müstəqil dövlət lazımdır. İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni, Qarabağ məsələsi həll olunsaydı, Ermənistanın taleyi necə olacaqdı?"
"Ermənistanda yeni hökumət qurulmalıdır”
O həmçinin bildirib ki, digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. "Bu çağırışları edən insanlar düşünürlər ki, Qarabağ məsələsi həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni, konsepsiya tamamlanmalı, Ermənistanda yeni hökumət qurulmalıdır”, - deyə Paşinyan müsahibəsində bildirib.
"1999-cu ildə bir variant var idi..."
Sonrakı ifadələrində münaqişənin gedişi zamanı Ermənistanın əldən verdiyi üstünlüklərə toxunan baş nazir etitaf edib ki, bir neçə dəfə Ermənistan təklifləri dəyərləndirməyib: “Elə bir sənəd olmayıb ki, imzalanandan sonra Qarabağ münaqişəsinin həlli başa çatsın. 1999-cu ildə bir variant var idi. Həmin sənəd imzalansaydı, Qarabağ məsələsi birdəfəlik həll oluna bilərdi. Bu, Meğri rayonu ilə "Dağlıq Qarabağın" mübadilə variantı idi. Bəlkə də həmin vaxt mübadilə baş tutsaydı, məsələ çoxdan öz həllini tapmışdı”.
O, bu dəfə də əlində olan şansı istifadə etmir
Paşinyan Qarabağ məsələsinin uzanmasını məqsədli şəkildə Ermənistana və Azərbaycana qarşı istifadə edildiyini də iddia edib. Lakin maraqlı məqam budur ki, Paşinyan sadəcə danışır və Azərbaycanla sülh müqaviləsini imzalama prosesini yubadır. Maraqlıdır ki, o, bu dəfə də əlində olan şansı istifadə etmir, regionun sülhə doğru inkişaf prosesini gecikdirir və gecikdirdikcə rəhbərlik etdiyi ölkəsinin uçuruma doğru yuvarlanması faktını reallaşdırır.
Afət Tahirqızı